Prezident İlham Əliyevin açıqlamaları beynəlxalq rezonans doğurur - ÖZƏL

"Bu paylaşım onu göstərir ki,  ABŞ və Azərbaycan arasında mövcud administrasiyalar səviyyəsində qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər formalaşıb. Hər iki ölkənin lideri bir-birinin həyata keçirdiyi siyasəti diqqətlə izləyir. Eyni zamanda, qarşılıqlı maraq və mənafelərin nəzərə alınması həm Vaşinqtonun, həm də Bakının mövcud əməkdaşlıqdan məmnun olduğunu göstərir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumunda ABŞ administrasiyasının fəaliyyəti ilə bağlı səsləndirdiyi müsbət fikirlər, şübhəsiz ki, diqqətdən kənarda qala bilməzdi. İlham Əliyevin Donald Tramp və onun siyasi fəaliyyəti haqqında söylədiyi fikirlər Tramp administrasiyasını əvvəlki ABŞ administrasiyalarından fərqləndirən məqamları ön plana çıxarırdı.Prezident İlham Əliyev çıxışında qeyd etmişdi ki, Bayden administrasiyası regionda daha çox bölücü və qarşıdurma yaradan yanaşma sərgilədiyi halda, Tramp administrasiyası bölgədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsinə üstünlük verir. O, həmçinin əvvəlki bəzi ABŞ administrasiyalarının Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirdiyini də dolayısı ilə diqqətə çatdırmışdı.Beləliklə, İlham Əliyev qısa, lakin məzmunlu fikirləri ilə Tramp dövrü ilə əvvəlki ABŞ administrasiyalarının fəaliyyətini müqayisə edərək maraqlı siyasi qiymətləndirmə ortaya qoydu. Təbii ki, bu müqayisələr Trampın siyasəti və onun Azərbaycana münasibəti barədə müsbət təsəvvür formalaşdırır, eyni zamanda Azərbaycanın dostlarına və rəqiblərinə mühüm mesajlar verir.Aydındır ki, Azərbaycan liderinin bu bəyanatları regiondakı prosesləri yaxından izləyən qüvvələrin də diqqətini cəlb edib. Mövcud şəraitdə Donald Tramp və İlham Əliyev arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin mövcudluğu bəzi dairələr tərəfindən narahatlıqla qarşılanır.Görünür, ABŞ Prezidenti də İlham Əliyevin bu fikirlərindəki səmimiyyəti və siyasi məzmunu yüksək qiymətləndirib. Trampın mövzu ilə bağlı paylaşım etməsi həm Azərbaycan Prezidentinin fikirlərinə diqqət yetirdiyini, həm də iki ölkə arasında formalaşan münasibətlərə müsbət yanaşdığını göstərir.Eyni zamanda, bu paylaşım ABŞ-ın Azərbaycanın regionda oynadığı iqtisadi, enerji və nəqliyyat roluna verdiyi önəmin göstəricisi kimi də qiymətləndirilə bilər. Tramp bununla yanaşı, Şuşa Forumunda müzakirə olunan məsələlərin məzmununa xüsusi diqqət ayırdığını nümayiş etdirmiş olur.Bir sözlə, Donald Trampın bu paylaşımı onun Azərbaycana, Azərbaycanın regional fəaliyyətinə və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə biganə qalmadığını, əksinə, onları diqqətlə izlədiyini göstərən mühüm siyasi jest kimi dəyərləndirilə bilər."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31