Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına da töhfə verən ölkələr sırasında yer alır- ÖZƏL

"Şuşa şəhərinin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməs xüsusi siyasi məna daşıyır. Vaxtilə işğalın və dağıntıların simvoluna çevrilmiş şəhər bu gün beynəlxalq əməkdaşlıq, fikir mübadiləsi və qlobal media dialoqunun mühüm mərkəzlərindən biri kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Bu fakt Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini göstərir. Son illərdə Şuşada keçirilən beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Qlobal Media Forumu da bu ənənənin mühüm hissəsidir. Burada müxtəlif baxışların, fərqli media məktəblərinin və müxtəlif coğrafiyaları təmsil edən jurnalistlərin açıq dialoqa cəlb olunması Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Belə platformalar yalnız peşəkar təcrübə mübadiləsinə deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biri hesab olunur. Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, saxta məlumatların və manipulyativ informasiya axınlarının artdığı bir şəraitdə medianın məsuliyyətli fəaliyyəti xüsusi aktuallıq qazanır. Bu baxımdan Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi yanaşmalar təkcə Azərbaycan üçün deyil, qlobal media məkanı üçün də aktual çağırışlar kimi qiymətləndirilə bilər. IV Şuşa Qlobal Media Forumu göstərir ki, Azərbaycan artıq təkcə regional siyasi proseslərin deyil, beynəlxalq informasiya gündəliyinin formalaşmasına da töhfə verən ölkələr sırasında yer alır. Şuşadan dünyaya ünvanlanan əsas mesaj isə aydındır: sülhün möhkəmləndirilməsi, etimadın bərpası və həqiqətin müdafiəsi yalnız məsuliyyətli media, açıq dialoq və beynəlxalq əməkdaşlıq şəraitində mümkün ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31