Akif Nəsirli: Azərbaycanın tranzit imkanları Slovakiya üçün yeni perspektivlər açır – ÖZƏL

"Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq baxımından da inkişaf etməkdədir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi böyük olmasa da, qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Prezidentlərin görüşü və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı verilən mesajlar iqtisadi münasibətlərin yeni mərhələyə keçməsinə təkan verə bilər".

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Olaylar.az-a açıqlamasında deyib. İqtisadçı bildirib ki, bu cür yüksək səviyyəli səfərlər ilk növbədə biznes dairələri arasında əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin müzakirəsinə və iqtisadi əməkdaşlığın hüquqi bazasının möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin aktivləşdirilməsi ticarət dövriyyəsinin artmasına və sahibkarların qarşılıqlı marağının güclənməsinə müsbət təsir göstərə bilər. Enerji sahəsi Azərbaycan-Slovakiya əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Slovakiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi rolu getdikcə artır. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycan qazının Slovakiya bazarına çıxışı və bu sahədə əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir. Bununla yanaşı, əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmaması vacibdir. Nəqliyyat və logistika, sənaye kooperasiyası, maşınqayırma, informasiya texnologiyaları, rəqəmsal transformasiya, kənd təsərrüfatı, əczaçılıq və turizm sahələrində də geniş imkanlar mövcuddur. Slovakiyanın sənaye və avtomobil istehsalı sahəsində topladığı təcrübə Azərbaycan üçün maraqlı ola bilər. Eyni zamanda, Azərbaycanın tranzit imkanları və Orta Dəhlizdə artan rolu Slovakiya şirkətləri üçün yeni əməkdaşlıq perspektivləri yaradır.
Təhsil, innovasiya və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi də iqtisadi münasibətlərin uzunmüddətli inkişafına töhfə verə bilər. Universitetlər, tədqiqat mərkəzləri və texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi innovativ məhsulların və yeni texnologiyaların tətbiqinə şərait yarada bilər.

"Ümumilikdə, prezidentlərin görüşü iki ölkə arasında siyasi etimadın daha da möhkəmləndiyini göstərir. Bu etimad iqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisiyaların artması və yeni biznes təşəbbüslərinin reallaşması üçün əlverişli zəmin formalaşdırır. Enerji əməkdaşlığı strateji əhəmiyyətini qorusa da, digər sahələrdə əlaqələrin inkişafı Azərbaycan-Slovakiya tərəfdaşlığını daha dayanıqlı və çoxşaxəli edə bilər", - deyə A. Nəsirli qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31