“Ortada işğal varsa, Rusiyanın dəstək gözləməsi absurddur” – Zeynal Əmrəliyev – ÖZƏL
14:40 SiyasətKremlin sözçüsü Dmitri Peskov Rusiyanın Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək verən mövqeyini yanlış hesab etdiyini bildirib. Bununla belə, Peskov bu fikir ayrılığının iki ölkə arasındakı ikitərəfli münasibətlərin hərtərəfli inkişafına və praqmatik əməkdaşlığa kölgə salmayacağını vurğulayıb.
Maraqlıdır, beynəlxalq qanunlara əsaslanan bu mövqedə Rusiya konkret olaraq nəyi yanlış hesab edir?
"Rusiya tərəfinin bunu başa düşməməsi tamamilə əsassızdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həmin bölgədə Rusiya tərəfindən dəstəklənən qüvvələr separatçılıqla məşğuldurlar. Söhbət qondarma Donetsk Xalq Respublikası və qondarma Luqansk Xalq Respublikasından gedir. Bunlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qurumlardır və separatçılıq fəaliyyəti ilə məşğuldurlar. Bu isə, əlbəttə ki, qəbuledilməz haldır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert qeyd edib ki, nəzərə alaq ki, Azərbaycan özü də uzun illər separatçılıqdan əziyyət çəkib. Belə olan halda Azərbaycanın bu cür halları qəbul etməməsi tamamilə normal və başa düşüləndir. Ümumiyyətlə, Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq hüququn prinsiplərini rəhbər tutur. O cümlədən Ukrayna məsələsində də Azərbaycanın mövqeyi tamamilə aydındır və bu mövqe heç vaxt gizlədilməyib. Cənab Prezident səviyyəsində də müharibənin ilk günlərindən etibarən Azərbaycanın bu məsələyə münasibəti açıq şəkildə ifadə olunub. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Rusiyanın Ukraynada apardığı müharibə düzgün deyil. Bu, işğala söykənən bir müharibədir və Rusiya konkret olaraq Ukrayna ərazilərinin işğalı ilə məşğuldur. Belə olan halda hansısa ölkədən özünə dəstək gözləmək və ya digər dövlətlərin bu mövqeyi dəstəkləməsini gözləmək absurddur. Əgər ortada işğal və haqsızlıq varsa, əlbəttə ki, buna dəstək verən ölkələrin sayı məhdud olacaq.
"Düşünürəm ki, Ukrayna xalqı bu işğalçı müharibəyə qarşı sonadək mübarizə aparmalı və Rusiyanın imperialist maraqlarına tabe olmamalıdır. Əlbəttə ki, sonda qələbə haqsızlığa qarşı mübarizə aparan tərəfin olacaq. Azərbaycan da bunu öz təcrübəsi ilə sübut etdi. Azərbaycan göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparan tərəf sonda qalib gəlməyi bacarır", - deyə Z. Əmrəliyev sonda bildirib.
Səidə Ramazanova