FTX süni intellektlə medianı izləmək istədi – layihə çökdü

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) media materiallarını və daxili sənədləri süni intellekt vasitəsilə təhlil edəcək sistem yaratmaq istəsə də, layihə uğursuzluqla nəticələnib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Vacib Hekayələr" ("Важные истории") nəşrinin araşdırmasında bildirilir.
Məlumata görə, FTX-nin siyasi təhlükəsizliklə məşğul olan İkinci Xidməti "Hörümçək" ("Паук" - Məzmunun Analizi və İdarə Edilməsi Portalı) adlı sistemin hazırlanmasını sifariş edib.
Layihə üzərində təxminən bir il yarım Rusiyanın Kazan şəhərində yerləşən "Mikord" şirkəti çalışıb. Şirkət daha əvvəl Rusiyanın Vahid Hərbi Uçot Reyestri sisteminin yaradıcılarından biri kimi tanınıb.

Planlaşdırılırdı ki, "Hörümçək" sistemi Rusiya və xarici KİV-lərdə dərc olunan materialları avtomatik toplayacaq, onları FTX-nin daxili portalında yerləşdirəcək və rəhbərlik üçün gündəlik analitik icmalların hazırlanmasına kömək edəcək.

Bundan əlavə, sistemə inteqrasiya edilən dil modeli həm media materiallarında, həm də FTX-nin daxili sənədlərində məlumat axtarmaq imkanına malik olmalı idi.
Araşdırmaya görə, 2025-ci ilin ilk yarısında FTX əməkdaşlarının ən çox istinad etdiyi mənbələr arasında Rusiyanın müstəqil media orqanları da yer alıb. Ən çox istifadə olunan nəşrlər sırasında "Aktivatika", RusNews və "Govorit NeMoskva" göstərilir.

Layihənin ilk mərhələsinin 2025-ci ilin payızında başa çatdırılması planlaşdırılsa da, "Vacib Hekayələr"in həmsöhbətinin sözlərinə görə, podratçı şirkət işlək sistem yarada bilmədiyi üçün layihə dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31