Azərbaycan-Fransa münasibətlərində yeni səhifə: Paris bu fürsəti dəyərləndirəcəkmi? – ÖZƏL

"Bastiliya qalasının alınması günü, yəni Fransanın Milli Bayramı münasibətilə Azərbaycan Prezidenti Fransa Prezidentinə təbrik məktubu göndərib. Məktubda xüsusi olaraq qeyd edilib ki, Azərbaycan-Fransa münasibətlərində yeni dövrün başlanması arzu olunur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, bu, Azərbaycanın Fransa ilə münasibətlərdə yeni səhifənin açılmasının, əlaqələrin inkişaf etdirilməsinin və genişləndirilməsinin tərəfdarı olduğunu bir daha göstərir. Ölkə başçısının məktubunda da bu xoş niyyət açıq şəkildə ifadə olunur.

Çox maraqlı sual yaranır: Fransa bu fürsəti düzgün dəyərləndirəcəkmi?

Ekspertin fikrincə, əgər Emmanuel Makron Fransanın dövlət maraqlarını rəhbər tutursa və prezidentlik müddətinin başa çatmasına bir ildən də az vaxt qaldığını nəzərə alırsa, Azərbaycanın bu xoşməramlı təşəbbüsünə müsbət cavab verməlidir. İlk növbədə Fransa maraqlı olmalıdır ki, Azərbaycan-Fransa münasibətlərində həqiqətən yeni bir səhifə açılsın və yeni bir dövr başlasın. Fransa uzun illər Azərbaycana, Azərbaycanın milli və dövlət maraqlarına münasibətdə qərəzli mövqe nümayiş etdirib. İstər ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də 2023-cü ildə keçirilən antiterror tədbirləri dövründə və hətta bu günə qədər Fransa daha çox ermənilərin, yəni Ermənistanın mövqeyini müdafiə edib. Azərbaycanın haqlı mövqeyini isə heç vaxt lazımi şəkildə dəstəkləməyib. Bunları gizlətmək mümkün deyil. Artıq həmin mərhələ geridə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Buna baxmayaraq, Azərbaycan yenə də sülhsevər siyasətinə sadiq qalaraq, dövlətlərlə qarşılıqlı milli maraqlar əsasında dostluq münasibətlərinin qurulmasında maraqlı olduğunu nümayiş etdirir. Bu istiqamətdə təşəbbüs yenə də Azərbaycan tərəfindən irəli sürülür. Lakin hesab etmirəm ki, Emmanuel Makron və Fransa hakimiyyətindəki ermənipərəst dairələr bu təşəbbüsün əhəmiyyətini tam qiymətləndirəcəklər. Çünki Fransa bu gün Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını həyata keçirməyə çalışır. Ermənistanı dəstəkləməklə regionda təsir imkanlarını artırmaq istəyir. Belə olan halda isə Fransa Azərbaycanın maraqlarını da nəzərə almalıdır. Təəssüf ki, hələlik biz bunu görmürük. Hələlik Fransanın Azərbaycanla münasibətlərin normallaşmasında kifayət qədər maraqlı olduğunu müşahidə etmirik.

Ekspertin sözlərinə görə, bu gün Makronun əsas məqsədlərindən biri Avropa İttifaqında lider mövqeyini gücləndirmək və Cənubi Qafqazda Fransanın maraqlarını təmin etməkdir. O da qeyd edib ki, siyasətdən getmək fikrində deyil və növbəti prezidentlik dövründən sonra yenidən Fransaya rəhbərlik etmək istəyir. Mən isə buna inanmıram və hesab etmirəm ki, Makron gələcəkdə yenidən Fransa Prezidenti olacaq. Ancaq istənilən halda, təəssüf ki, hələlik Fransa tərəfindən münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş real addımlar görmürük. Yenə də qeyd edirəm ki, əgər Makron praqmatik lider və praqmatik siyasətçi olsaydı, Azərbaycanın başlatdığı bu yeni mərhələni müsbət qiymətləndirər, Azərbaycana qarşı qərəzli siyasətindən imtina edər və Ermənistanı Azərbaycana qarşı alətə çevirməzdi. Fransa Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyirsə, ilk növbədə qəbul etməlidir ki, regionda hər hansı uzunmüddətli maraqların təmin olunması Azərbaycansız mümkün deyil. Buna görə də Fransa mütləq Azərbaycanla hesablaşmalıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31