Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir - ÖZƏL

"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı, daha dəqiq desək, forum çərçivəsində ünvanlanan suallara verdiyi cavablar həqiqətən də dünya miqyasında böyük rezonans doğurub. Mən də xarici medianı mütəmadi izləyən biri kimi son günlər müşahidə edirəm ki, dünyanın aparıcı media qurumlarında və müxtəlif ölkələrin informasiya gündəmində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər geniş müzakirə olunur. Təbii ki, bu, qürurverici haldır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"ABŞ Prezidenti Donald Trampın da bu məsələyə xüsusi diqqət göstərməsi təsadüfi deyil. Ümumiyyətlə, İlham Əliyev açıq və prinsipial mövqeyi, qlobal proseslərə dair baxışları, cəsarətli çıxışları ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən siyasi liderlərdən biridir. Bu baxımdan, Donald Trampın da Azərbaycan Prezidentinin mövqeyinə və açıqlamalarına diqqət yetirməsi təbii qarşılanmalıdır.

Məlum olduğu kimi, iki lider arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayıb. Bir dövrdə müəyyən çətinliklərlə üzləşən ikitərəfli əlaqələrin yenidən yüksələn xətt üzrə inkişaf etməsində bu siyasi iradənin təsirini görmək mümkündür.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidentinə beynəlxalq səviyyədə göstərilən diqqət təsadüfi deyil. Azərbaycanın artan beynəlxalq nüfuzu, ölkə rəhbərinin qlobal məsələlərə dair mövqeyi və aparılan müstəqil siyasət dünya siyasətinin əsas mərkəzlərində də diqqətlə izlənilir. Bir Azərbaycan vətəndaşı olaraq bunu müsbət hal kimi qiymətləndirmək və bundan məmnunluq duymaq tamamilə təbiidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31