Elçin Xalidbəyli: "Mülki gəmilərin hədəfə  alınması beynəlxalq hüquqa ziddir" – ÖZƏL

Azov dənizində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnən dron hücumundan cəmi bir neçə həftə sonra, bu dəfə Odessa yaxınlığında mülki ticarət gəmisi hədəf alınıb. Hücuma məruz qalan gəmidəki 11 azərbaycanlı ekipaj üzvündən 10-u xilas edilsə də, itkin düşən kapitanın axtarışları hələ də davam edir. Bu hadisə Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik risklərinin Azərbaycan vətəndaşlarına da birbaşa və ağır təsir göstərdiyini növbəti dəfə təsdiqləyir. 

"Ekipajı azərbaycanlılardan ibarət olan gəmilərə hücumlar olduqca neqativ haldır və təəssüf ki, belə hadisələr son vaxtlar tez-tez təkrarlanır. Bir müddət əvvəl də Rusiya Ukraynada Azərbaycana məxsus enerji obyektlərinə zərbə endirmişdi və bu da Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə müəyyən gərginlik yaratmışdı".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, gəmilərin vurulması ilə bağlı məsələdə isə situasiya bir qədər fərqlidir. Hər iki tərəf - həm Rusiya, həm də Ukrayna - bir-birini ittiham edir və məsuliyyəti öz üzərindən atmağa çalışır. Eyni zamanda, bunu müharibənin yaratdığı vəziyyətlə izah etməyə cəhd göstərirlər. Lakin istər Azov dənizində, istərsə də hər hansı digər su hövzəsində mülki xarakterli, yəni hərbi əhəmiyyət daşımayan gəmilərin vurulması yolverilməz haldır. Nəzərə almaq lazımdır ki, belə gəmilər hərbi təhlükə yaratmır və onların üzərində hərbi məqsədlərə xidmət edən hər hansı mexanizm mövcud olmur. Bu cür hücumlar mülki şəxslərin həyatı üçün ciddi təhlükə yaradır və beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir. Azərbaycan dövləti öz vətəndaşlarını həm Rusiya-Ukrayna müharibəsinin getdiyi ərazilərdə, həm də dünyanın digər bölgələrində qorumaq üçün bütün imkanlardan istifadə edir. Bu imkanlar əsasən hüquqi və siyasi müstəvidə həyata keçirilir və bu, tamamilə təbii və normal yanaşmadır. Rəsmi Bakı bu məsələ ilə bağlı da kəskin reaksiya verib. Eyni zamanda, Azərbaycan vətəndaşlarına müraciət edərək onları Rusiya-Ukrayna müharibəsinin əhatə etdiyi ərazilərdə, o cümlədən gəmiçilik kimi fəaliyyətlərlə məşğul olmamağa çağırıb. Bu, rəsmi Bakının tamamilə doğru yanaşmasıdır. Azərbaycan vətəndaşları bu məsələ üzərində ciddi şəkildə düşünməli və öz həyatlarını real təhlükə qarşısında qoymamalıdırlar. Azərbaycan dövləti təhlükənin olduqca ciddi olduğunu nəzərə alaraq artıq vətəndaşlarına bu barədə ciddi xəbərdarlıqlar edir və onları Ukrayna müharibəsinin cərəyan etdiyi regionlarda və həmin ərazilərə aid su hövzələrində fəaliyyət göstərməkdən çəkinməyə çağırır. Bu çağırış bütün Azərbaycan vətəndaşları tərəfindən ciddiyə alınmalıdır. Gələcəkdə analoji hadisələrin yaşanmaması üçün bu xəbərdarlıqlara mütləq əməl edilməlidir. Mövcud situasiyada Azərbaycan dövlətinin ata biləcəyi ən real addımlardan biri məhz bu idi və rəsmi Bakı da etdiyi çağırışla Azərbaycan vətəndaşlarının diqqətini mövcud təhlükənin nə qədər ciddi xarakter daşıdığına yönəltməyə çalışıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31