Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib- ÖZƏL
11:50 Siyasət"Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunması əsasdır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Bunun göstəricilərindən biri də ikitərəfli əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin dinamikliyidir. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonrakı dövrün qürurverici hadisələrindən biri bu və ya digər ölkələrin dövlət başçılarının Qarabağa səfərləri, dövlətimizin başçısı İlham Əliyevin onları bu məkanda qarşılayaraq görüşlər keçirməsi, görülən bərpa-quruculuq işləri ilə yaxından tanışlıqlarıdır. Bu baxımdan iyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi də xüsusi diqqətdə oldu. Prezidentlərin Şuşada təkbətək və geniş tərkibdə görüşləri oldu, mətbuata bəyanatla çıxış etdilər. Eyni zamanda, Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar, Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Slovakiya münasibətlərinə yeni məzmun qazandıran istiqamətlərdən biri Qarabağın bərpasıdır. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı kənd" konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Bu addımlar iki ölkənin əməkdaşlığının hazırkı inkişaf səviyyəsinin təqdimatında əhəmiyyətli rol oynayır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Slovakiya Prezidenti səfərini iyulun 15-də Bakıda davam etdirdi: "Hər bir səfər ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Son illərdə qarşılıqlı səfərlərin davamlılığı diqqətdən kənarda qalmır. Belə ki, ötən il dövlətimizin başçısı İlham Əliyev Slovakiyaya ilk rəsmi səfərini etdi. 2024-cü ildə isə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri oldu. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, həmçinin Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Səfərlər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər tərəflərin əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlı olduqlarını və bunu real addımları ilə təsdiqlədiklərini nümayiş etdirir. Azərbaycan və Slovakiya Prezidentlərinin Şuşada mətbuata bəyanatları bir daha iki ölkənin əlaqələrinin təqdimatı oldu. "Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir" söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Bu məqam da xüsusi vurğulandı ki, 2024-cü ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması güclü siyasi iradə tələb edir. Dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Gündəliyimiz kifayət qədər genişdir".
Alim Hüseynli