Beynəlxalq təşkilatlar məsələləri şişirdilmiş formada təqdim edirlər

"Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı verdiyi hansısa bir bəyanat tam obyektiv ola bilməz. Çünki onlar yalnız vətəndaş cəmiyyətinin verdikləri məlumatlara, bəzən də siyasiləşmiş vətəndaş cəmiyyətindən əldə etdikləri məlumatlara əsaslanır. Biz isə onlara dəfələrlə təklif etmişik ki, hər hansı bir məlumatı dəqiqləşdirməkdən ötrü dövlət orqanlarından da, alternativ mənbələrdən də məlumatlar almaq lazımdır". Bunu deyən millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları da kütləvi olaraq hansısa məsələləri çox şişirdilmiş formada təqdim edirlər: " Amma biz əgər Azərbaycan cəmiyyətinin indi bu beynəlxalq təşkilatlara, bu hadisələrə rəyini öyrənmək istəyiriksə, onda gərək Ramil Səfərovla bağlı Azərbaycan dövlətinin gördüyü tədbirləri, onun Azərbaycana ekstradisiya olunması, Azərbaycan Prezidenti tərəfindən əfv edilməsini və ondan sonra bütün beynəlxalq təşkilatların verdiyi rəyi xatırladaq. Gərək Azərbaycan ictimaiyyəti həmişə bu hadisəyə qiymət versin, necə ki, Ramil Səfərov məsələsi ilə bağlı onlar qeyri-obyektiv mövqe tutublar, eləcə də digər bütün məsələlərlə bağlı onların mövqeyi bax bu cür olub. Yəni, dəyərləndirməkdən ötrü hər zaman o hadisəni xatırlamaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00