Qarsda Heydər Əliyevin anım mərasimi keçirilib
11 Dekabr 2013 13:32 SiyasətTürkiyənin Qars şəhərində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Qarsdakı baş konsulluğunun keçirdiyi mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Baş konsul Ayxan Süleymanov Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə danışıb. Bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin möhkəmlənməsində, türk dünyasında inteqrasiya prosesinin gücləndirilməsində də misllsiz xidmətləri olub. Qars bələdiyyəsi sədrinin müavini Orhan Özyılmaz, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi istiqamətində xidmətlərindən bəhs ediblər. Mərasimdə Qarsdakı Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş "Heydər Əliyev və Türkiyə" inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.