“Avropaya inteqrasiya Ukraynaya baha başa gələcək” - Elxan Şahinoğlu - AÇIQLAMA
“Yanukoviçin siyasi arenadakı gələcək fəaliyyəti haqqında xoş sözlər demək artıq mümkün deyil”
11 Dekabr 2013 12:49 Siyasət"Ukrayna prezidenti Viktor Yanukoviç artıq güzəştli addımlar haqqında anonslar verir. Yanukoviç sabiq ölkə prezidentlərilə görüş keçirdi. İndiki prezidentdən fərqli olaraq onlar Ukraynanın Avropa İttifaqına qoşulmasının tərəfdarıdırlar. Yanukoviç də onlarla görüşdə iddia etdi ki, Ukrayna Avropa İttifaqından imtina etməyib, 2014-cü ilin martında təşkilatla assosasiya sazişini imzalayacaq" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Ukraynadakı vəziyyəti dəyərləndirərkən belə deyib. E.Şahinoğlu bildirdi ki, prezident bununla yanaşı mitinq meydanlarında həbs olunanların azadlığa buraxılacağını da qeyd etdi. Lakin hələ də polis qüvvələri meydanları nümayişçilərdən azad etməyə çalışırlar. Buna görə də durmadan Ukraynada həbs olunanların sayı artır. Politoloqun sözlərinə görə, V.Yanukoviç başa düşür ki, aksiyaların daha geniş miqyas almasına görə onun hakimiyyəti kökündən laxlaya bilər. E.Şahinoğlu hesab edir ki, Ukraynada yaranmış mövcud situasiya heç də Yanukoviçin lehinə deyil. Vəziyyətdən çıxış üçün hakimiyyət müxalifətlə ciddi qarşıdurmaya gedə bilər: "Lakin Yanukoviç bununla özünə daha böyük problem yarada bilər. Həbs olunanların sayı artdıqca Ukraynanın mövqeyinə zərbələr dəyəcək. Hakimiyyət məsələ barədə tədbir görməsə belə, bu Yanukoviç üçün heç də xoş olmayan mənzərə yaradacaq. Nümayişlərin miqyası böyüdükcə, Yanukoviçin devrilməsi qaçınılmaz olacaq. Bütün seçimlər mövcud hakimiyyətin əleyhinə işləyəcək. Prezident Vilnüsdə Avropa İttifaqından imtina etməklə səhvə yol verdi. Yanukoviçin belə bir addım atmasında Rusiyanın Ukraynaya etdiyi təzyiqlərin əhəmiyyəti böyük idi. İndiki vəziyyətdə isə rəsmi Kiyev geriyə addım haqqında düşünür. Bu da Ukrayna üçün ağır nəticələr ortaya qoyacaq. Belə olacağı təqdirdə Rusiyanın bu ölkəyə təzyiqləri da artacaq. Ümumilikdə isə Yanukoviçin siyasi arenadakı gələcək fəaliyyəti haqqında xoş sözlər demək artıq mümkün deyil". ("OLAYLAR" İA)