Xələf Xələfov: Xəzərin statusu ilə bağlı mövqelərin yaxınlaşmasına nail olunub, növbəti sammit Rusiyada keçiriləcək"
11 Dekabr 2013 11:14 SiyasətXəzərin statusu ilə bağlı Xəzəryanı ölkələr arasında mövqelərin yaxınlaşmasına nail olunub və 2014-cü ildə Rusiyada planlaşdırılan dövlət başçılarının sammitində yeni razılaşmaların olacağına ümid var. Bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. X.Xələfovun sözlərinə görə, hazırda İşçi qrupu Rusiyada keçirilən sammitdə prezidentlər səviyyəsində yekun sənədin qəbul olunması üzrə layihələri müzakirə edir. XİN müavini bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin birinci rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr üzrə müzakirələr aparılacaq. X.Xələfov deyib ki, xarici işlər nazirlərinin görüşünə qədər yanvarın sonunda Astanada İşçi qrupunun görüşü keçiriləcək. İşçi qrupunun gündəliyində əsas məsələ Xəzərin statusunun müzakirəsidir. Eyni zamanda Bakı sammitində qəbul olunan prezident qərarlarının əməli surətdə razılaşdırılmasının başa çatdırılması müzakirə ediləcək.
Nazir müavini bildirib ki, İşçi qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir. Bura xüsusilə balıqçılıq zonasının müəyyən olunması daxildir. trend