Urartu irsi üzərindən yeni iddialar: Tarixi irsin siyasiləşdirilməsi- ÖZƏL

Ermənistan və Polşa arxeoloqlarının "Ararat" vadisində guya 2700 illik qədim suvarma sistemləri aşkar etməsi ilə bağlı yaydığı məlumat müzakirələrə səbəb olub. Bildirilir ki, tədqiqat Urartu hökmdarı I Argiştinin saldığı Argiştixinili şəhəri ətrafında aparılıb. Bununla yanaşı, həmin irsin "Ermənistanın qədim suvarma sistemi" kimi təqdim edilməsi tarixdə həmin dövrdə Ermənistan dövlətinin mövcud olmaması və ərazidə Urartu dövlətinin hökm sürməsi fonunda suallar doğurur.

Ermənistanın Urartu irsini öz tarixi kimi təqdim etməsi regionda tarix üzərindən aparılan siyasi mübarizənin bir hissəsi hesab oluna bilərmi? Tarixi irsin saxtalaşdırılması və mənimsənilməsi cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən hansı mexanizmlərlə qiymətləndirilməli və qarşısı alınmalıdır?

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Tarixi araşdırmalar və arxeoloji qazıntılar bəzən siyasi məqsədlər üçün istifadə olunur. Buna misal olaraq deyə bilərik ki, Ermənistan uzun illər ərzində tarixi faktları təhrif etməyə, arxeoloji tapıntıları öz maraqlarına uyğun şərh etməyə və özünü regionun ən qədim xalqlarından biri kimi təqdim etməyə çalışıb. Bu cür yanaşmanın əsas məqsədi tarixi arqumentlərdən istifadə etməklə ərazi iddialarına siyasi əsas yaratmaq və bu iddiaları beynəlxalq ictimaiyyət qarşısında legitim göstərmək olub.
Bu məsələ xüsusilə Ermənistanın irəli sürdüyü "Böyük Ermənistan" ideyası ilə əlaqəli olub. Həmin ideologiya Ermənistanın qədim dövlətçilik ənənəsinə malik olduğunu nümayiş etdirməyə və tarixi hadisələri bu baxışa uyğun təqdim etməyə xidmət edib. Bu məqsədlə bəzi tarixi mənbələr saxtalaşdırılıb, arxeoloji materiallar, həmçinin regionun ortaq mədəni irsi erməni xalqına məxsus kimi təqdim edilib.
Keçmişdə Ermənistanın həyata keçirdiyi siyasət də bu yanaşmanın tərkib hissəsi olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında saxlanılması buna ən real nümunədir. İşğal dövründə həmin ərazilərdə yerləşən bir sıra tarixi və mədəni, dini abidələrin dağıdılması, mənimsənilməsi və ya mənşəyinin dəyişdirilməsinə dair də geniş nümunələr mövcuddur. Bu cür hallar yalnız bir ölkənin deyil, ümumilikdə bəşəriyyətin mədəni irsinə zərər vurur.
Belə halların qarşısını almaq üçün mədəni irsin qorunmasına dair beynəlxalq sənədlər, o cümlədən UNESCO-nun konvensiyaları və digər beynəlxalq hüquqi mexanizmlər qəbul edilib. Bu sənədlər tarixi və mədəni irsin qorunmasını, saxtalaşdırılmasının və qanunsuz mənimsənilməsinin qarşısının alınmasını nəzərdə tutur. Lakin praktikada bu mexanizmlərin tətbiqi hər zaman eyni səviyyədə olmur və onların effektivliyi bəzən siyasi amillərdən asılı olur. Nəticədə mədəni irsə qarşı törədilən bəzi hüquq pozuntuları lazımi hüquqi qiymətini almır.
Bununla yanaşı, Ermənistanın bəzi rəsmi sənədlərində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının bu gün də qalması regionda etimad mühitinin formalaşmasına mane olan amillərdən biridir. Bu cür yanaşmalar qarşılıqlı inamın azalmasına, əməkdaşlıq imkanlarının məhdudlaşmasına və regional sabitliyə mənfi təsir göstərir.
Tarixi-mədəni irsin mənimsənilməsi, ortaq irsin birtərəfli şəkildə təqdim edilməsi və tarixi faktların siyasi məqsədlərlə şərh olunması elmi obyektivliyə də ziddir. Tarix siyasi maraqlara uyğun deyil, etibarlı mənbələr, elmi araşdırmalar və beynəlxalq hüququn prinsipləri əsasında öyrənilməlidir. Yalnız bu halda tarixi həqiqətlərin qorunması, mədəni irsə hörmətin təmin edilməsi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi mümkün ola bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31