İran və Rusiya TRIPP-a qarşı vahid cəbhədədir- ÖZƏL

"İsrail və ABŞ-ın İrana qarşı müharibəsində məqsədləri fərqli idi. İsrailin əsas hədəfi İranın nüvə proqramını məhdudlaşdırmaq, proksi qüvvələrini zəiflətmək və regiondakı təsirini azaltmaq idisə, ABŞ bunu rəsmi səbəb kimi göstərsə də, əsl məqsədi dünya enerji təchizatını, xüsusən də ABŞ-Çin geosiyasi rəqabəti fonunda Çinin İran neftindən asılılığını nəzarətə götürmək idi". Milli Cəbhə Partiyası - MCP başqanı müavini, hüquqşünas Vüqar Dadaşov deyib: "ABŞ hərbi üstünlük qazansa da, İran rejimini qorudu, körfəz ölkələri üzərində hərbi üstünlüyünü təsdiqlədi, Hörmüz boğazına hərbi nəzarət qazandı və siyasi-psixoloji, diplomatik baxımdan da məğlub olmadı. Bu isə Vaşinqtonla Tehran arasında müəyyən pərdəarxası razılaşmaların mümkünlüyünü göstərir. Belə çıxır ki, memorandumun əsas mahiyyəti İran neftinin ixracı və Hörmüz boğazı ilə bağlı qarşılıqlı anlaşmadan ibarətdir.

İranın ABŞ ilə razılaşmaya getməsi, əlbəttə ki, müharibənin nəticələrinə görə və həm də İranın müqavimətin qırılmaması kollektiv Qərbin mümkün genişmiqyaslı hərbi müdaxiləsi riski ilə bağlı idi. Lakin memorandumdan sonra İran-ABŞ münasibətlərində gərginliyin yenidən artmasının səbəbi razılaşmanın digər qüvvələrin maraqlarına uyğunsuzluğu və qalib görüntüsü qazanmış İranın əlavə regional istəkləridir. İsrailin ABŞ-İran razılaşmasından narazılığı onun fərqli gedişləri ilə özünü göstərir. Belə ki, Livanla İsrail arasında razılaşmanın İran və Hizbullahın iştirakı olmadan əldə edilməsi eyni zamanda ABŞ və İran arasında razılaşmaya müvəqqəti xarakter verir. Dəqiq desək, razılaşma ancaq Tramp dövrünü əhatə edə bilər. Lakin İran-ABŞ münasibətlərində yenidən yaranan gərginliyə başqa təsirlər də var.

Memorandumdan sonra İran parlamentinin sədri Qalibafın Azərbaycana, ardınca İran vitse-prezidenti Məhəmməd Rzanın isə Ermənistana səfəri və detallar açıqlanmasa da, proseslərin qlobal təhlili səfərlərin əsasən TRIPP (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı olduğunu göstərir.

İran TRIPP layihəsinin həyata keçirilməsini və bunun nəticəsində ABŞ-ın regionda geosiyasi mövqelərinin möhkəmlənməsindən də daha çox türk dünyasını birləşdirəcək Orta Dəhlizi və Zəngəzur istiqamətində formalaşan nəqliyyat-kommunikasiya xəttini özünün strateji maraqlarına təhlükə hesab edir. İran TRIPP-a qarşı Araz marşrutunu alternativ kimi təqdim edir.

Qalibafın Azərbaycana, Məhəmməd Rzanın isə Ermənistana səfərləri də məhz bu layihənin qarşısının alınmasına yönəlmiş diplomatik cəhdlər kimi görünür. Ancaq İranın cəhdinin uğursuzluğu göz qabağındadır. Məhz həmin səfərlərdən sonra İran parlamentinin Tehrandan olan deputatı Kamran Qəzənfərininin "Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu" açıqlaması Qalibafın TRIPP-la bağlı rəsmi Bakıdan əliboş qayıtması ilə bağlı təhdiddir.

İran və Rusiya TRIPP-a qarşı vahid cəbhədədir. Ukraynada strateji uğursuzluğa düçar olan və parçalanma riski daşıyan Rusiya imperiya statusunu qorumaq üçün Cənubi Qafqazdan daha möhkəm yapışmağa məcburdur. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı son imperiya qalasıdır. Buna görə də Moskva və Tehranın TRIPP-a qarşı birgə müqaviməti qaçılmazdır.

İranın Azərbaycana qarşı informasiya təxribatları və psixoloji təzyiq cəhdləri gələcəkdə də mümkündür. Lakin İranın Azərbaycana qarşı real hərbi əməliyyat keçirmək imkanı hərbi-siyasi və ictimai-psixoloji baxımdan mümkün deyil. Ən əsas şərt isə Cənubi Azərbaycan faktorudur ki, bu da İranın parçalanmasına qədər gətirib çıxara biləcək ağır nəticələr verə bilər.

Hazırkı mərhələdə ABŞ, daha doğrusu Donald Tramp administrasiyası, Çinlə qlobal rəqabətdə enerji amilindən istifadə etmək məqsədilə İrana müəyyən mənada qalib görüntüsü verməyə razılaşmış kimi görünür. Hazırkı memorandum formasında mövcud olan İran-ABŞ status-kvosu hər iki tərəfin qısamüddətli maraqlarına cavab verir. Lakin bunun mənfi tərəfi ondadır ki, bu razılaşma regionun əsas təhlükə mənbələrindən biri hesab olunan İranın müəyyən qədər güclənməsinə şərait yaradır və region üçün yeni risklər formalaşdırır.

Hesab edirəm ki, Yaxın Şərqdə proseslər hələ yekunlaşmayıb. İranın gələcək taleyi ilə bağlı əsas qərarlar qarşıdakı mərhələdə veriləcək. İranla ABŞ arasında müəyyən gizli razılaşmaların mövcudluğu müxtəlif hadisələrdə dolayısı ilə özünü göstərir.

Donald Tramp administrasiyası hazırda əsas strateji diqqətini Çinlə rəqabətə yönəltdiyi üçün Yaxın Şərqdə uzunmüddətli siyasi nəticələri müəyyən qədər ikinci plana keçirir. Buna görə də onun prezidentliyi dövründə lokal toqquşmalar davam etsə belə, hesab edirəm ki, Tramp hakimiyyətindən sonrakı mərhələdə region daha genişmiqyaslı qarşıdurmalar və yeni müharibələr təhlükəsi ilə üz-üzə qala bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31