Müsavat müttəfiq axtarışında - SİYASİ ŞƏRH
Partiya AMİP, ADP və Ümidlə ittifaq yarada bilər
10 Dekabr 2013 14:55 SiyasətMilli Şura ilə yollarını ayırmaq istəyən Müsavat Partiyası tərəddüd içindədir. Aşkar görünür ki, partiya şurada qalmaq istəmir. Əvvəllər AXCP fəalları belə bir təbliğat aparırdılar ki, Müsavatın Milli Şuradan getməsini təkcə Rauf Arifoğlu istəmir. Sonradan məlum oldu ki, Arif Hacılı da, Vurğun Əyyub da, hətta İsa Qəmbər də partiyanın Milli Şuradan qalmasından yana deyillər. Müsavatın mövqeyi aydındır. Milli Şura Müsavatın meydanı deyil, partiyanı bu qurumda sıxışdırmaq, elektoratından yararlanmaq üçün saxlayıblar. Müsavat üçün əsas məsələ partiyanın marağıdır. Həqiqətən də Müsavatın marağı AXCP-nin təsir dairəsində olan qurumdan çıxmağı ehtiva edir. Rüstəm İbrahimbəyov Müsavat üçün məqbul sədr deyildi. Yeni sədr Cəmil Həsənli də Müsavata üçün arzuolunmazdır. İsa Qəmbərin "Azadlıq" radiosunda Cəmil Həsənlinin seçki sirrlərini açması, tarixçi alimi aşağılaması dediyimizə sübutdur. Görünür, İsa Qəmbər Milli Şuranın həmsədri olmaq istəyirmiş. Buna nail olmayınca Milli Şurada qalmaq mənasız işə çevrildi. Hazırda Müsavatı Milli Şurada saxlayan heç bir amil yoxdur. Əslində AXCP-nin hərəkətləri də Müsavatı itələmək məqsədi güdür. İbrahimbəyovun Milli Şuraya israrla sədr seçilməsi AXCP-nin bilərəkdən atdığı addım idi. Bu həm də əzələ nümayişi idi. O demək idi ki, AXCP Milli Şurada səs üstünlüyünə malikdir.
Müsavatın durumu o qədər də ürəkaçan deyil. İsa Qəmbərin müstəqil jurnalist (əslində AXCP fəalı) Xədicə İsmayılla söz duellindən sonra AXCP fəalları Müsavat başqanını bölücü, dağıdıcı kimi təqdim etməyə başlayıblar. Müsavat elə bir vəziyyətdədir ki, geriyə dönüş yolu da qapanmaqdadır. Müsavat Milli Şurada qalmağa qərar versə, qurum daxilində təzyiqlərə məruz qalacaq. Çıxmaq qərarı versə, radikal qüvvələrin qara piarına hədəf olacaq. Artıq AXCP-yə yaxınlığı ilə seçilən Milli Şuranın müstəqil üzvləri piara başlayıblar. Hüquqşünas Vidadi Mirkamal deyib ki, Müsavatın Milli Şuradan çıxması siyasi intihara bərabərdir. AXCP rəsmilərinin Milli Şuranı müxalifətin əsas qüvvə mərkəzi, yeganə müxalifət qurumu kimi təqdim etmələri onu deməyə əsas verir ki, Müsavat Şuradan kənar qurum yaratmaqda çətinlik çəkəcək. İctimai Palatanın bərpası mümkün olmayacaq. Onsuzda AXCP-nin boykotu İP-in işini iflic edib. Rauf Arifoğlu, Pənah Hüseyn çox çalışsalar da, İP-in toplantısını keçirə bilmirlər. Müsavatın AXCP-nin hücumları qarşısında yeganə yolu Milli Şuradan kənarda qalmış partiyalarla ittifaq yaratmaqdır. Hazırda ictimai rəydə müxalifət kimi qəbul olunan ADP, AMİP və Ümid Partiyaları Milli Şuradan kənarda fəaliyyət göstərirlər. Müsavat bu partiyalarla əməkdaşlıq edə bilər. Xatırladaq ki, Müsavat radikal, AXCP loyal olanda Əli Kərimli məhz bu partiyaların himayəsinə sığınmışdı.
Ərhun Abbas