Əli Mustafa: “Qondarma soyqırımı iddiası türk dünyasına təzyiq kampaniyasıdır" – ÖZƏL
14:56 Siyasətİsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul etməsi regionda və beynəlxalq siyasətdə yeni müzakirələrə səbəb olub. Bu qərarın Türkiyə-İsrail münasibətlərinə və Cənubi Qafqazdakı geosiyasi proseslərə mümkün təsirləri diqqət mərkəzindədir.
"Bu qətnamənin qəbul edilməsi xoş hal deyil. Əvvəla, "erməni soyqırımı" iddiası özü siyasi məsələdir. Bu, obyektiv və tarixi gerçəkliklərə əsaslanan məsələ deyil. Əksinə, Türkiyəni, ümumilikdə türk dünyasını və türk millətini siyasi təzyiq altında saxlamaq məqsədilə ortaya atılmış bir PR kampaniyasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, çox təəssüf ki, Britaniya hökuməti də bunu bilə-bilə belə bir qərar qəbul edib. Hər halda ümid edirəm ki, Knesset bunu qəbul etməyəcək. Hətta qəbul etsə belə, düşünürəm ki, İsrail dövləti və yəhudi xalqı zamanla bu məsələdə mövqeyini dəyişəcək. Çünki bu iddialar obyektiv əsaslara söykənmir. Digər tərəfdən, bu addım İsrail-Türkiyə münasibətlərinə, dolayısı ilə İsrail-Azərbaycan münasibətlərinə də müəyyən mənfi təsir göstərə bilər. Ancaq hesab edirəm ki, bunun uzunmüddətli təsiri olmayacaq. Qısamüddətli dövrdə müəyyən psixoloji və siyasi təsirləri ola bilər.
Ekspertin sözlərinə görə, bu məsələ artıq əvvəlki kimi beynəlxalq gündəmdə deyil. Hətta ermənilərin özləri, daha dəqiq desək, Paşinyan hökuməti belə bu məsələyə əvvəlki kimi yanaşmır. Onlar dəfələrlə bildiriblər ki, bu mövzu uzun illər siyasi məqsədlər üçün istifadə olunub və bunun Sovet dövrünün siyasi təbliğatı ilə əlaqəli olduğunu açıq şəkildə ifadə edirlər. Bu baxımdan düşünmürəm ki, həmin qərarın Türkiyə üçün ciddi siyasi nəticələri olacaq. Ancaq istənilən halda bu cür qərarlar münasibətlərə mənfi təsir göstərən addımlardır. Bir daha qeyd edirəm ki, ümid edirəm, Knesset bu istiqamətdə qərar qəbul etməyəcək və sözügedən iddiaları tanımayacaq. Mən hesab edirəm ki, belə bir soyqırımı olmayıb və bu, erməni tərəfinin saxta iddialarından ibarətdir. Ümid etmirəm ki, yəhudi xalqı və ya İsrail dövləti bu iddialara dəstək verəcək. Aydındır ki, bu addımın Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərinə müsbət deyil, əksinə mənfi təsiri ola bilər. Ermənistanda bu mövzu hazırda daha çox müxalifətin, xüsusilə Qarabağdan olan revanşist qüvvələrin siyasi təbliğat vasitəsinə çevrilir. Həmin qüvvələr bu məsələdən istifadə edərək Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa çalışırlar. Bu baxımdan, həm Paşinyan hökumətinin siyasətinə, həm də Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərinin formalaşmasına müəyyən zərər verə biləcək bir addımdır. Lakin qeyd etdiyim kimi, bu qərar elə bir dövrdə qəbul edilir ki, artıq həmin məsələ nə dünya üçün, nə də Ermənistan cəmiyyəti və hökuməti üçün əvvəlki qədər aktual deyil. Bu baxımdan, sanki zamansız və ehtiyac olmayan bir qərar təsiri bağışlayır. Məsələyə daha dərindən yanaşdıqda görünür ki, bunun ciddi siyasi əhəmiyyəti yoxdur və Türkiyəyə də uzunmüddətli ciddi zərər vuracaq bir addım hesab edilə bilməz. Sadəcə olaraq, dövlətlərarası münasibətlərə mənfi təsir göstərə biləcək bir qərardır və bu da təəssüf doğurur. Ümid edək ki, İsrail hökumətinin bu təşəbbüsü nə parlament, nə də İsrail cəmiyyəti tərəfindən dəstəklənməyəcək.
Səidə Ramazanova