Bakıya qarşı bitməyən DEMARŞ - Rusiya efirində TƏXRİBATIN səbəbi
12:16 SiyasətBakı-Moskva münasibətlərində "soyuq savaş" dönəmi ilk baxışda arxada qalsa da, rəsmi Kremlə yaxın bəzi dairələr israrla təzədən aranı qarışdırmağa çalışır. Özü də Azərbaycanın çoxdan tarixin arxivinə göndərdiyi erməni separatizmi "kartı" ilə. Bu da "isti" nümunə.
Xəbər verildiyi kimi, Rusiyanın federal telekanalı olan "Rossiya-1" həftəsonu Ukraynaya qarşı Rusiya tərəfində döyüşən erməni könüllü batalyonu olan "Arbat" haqqında tərifli reportaj yayımlayıb. Reportajda döyüşçülərin adları çəkilməsə də müxbir onlardan birini təqdim edir. Həmin erməni silahlı deyir ki, ilk dəfə 14 yaşında Qarabağ müharibəsi zamanı pulemyot götürüb, indi "Rusiya uğrunda" vuruşur. Reportajın digər "qəhrəmanı" mühəndislik təhsili olan sapyordur. O, da cinayətkar "karyerasına" Qarabağda başladığını bildirir. Orada Rusiya sülhməramlılarına kömək etməsi (?! - red.) ilə bağlı xatirələrini bölüşür. Ardınca kamera "Rusiya uğrunda" vuruşan erməninin hərbi geyimi üzərində separatçı qurumun əski parçası olan və "ARTSAKH" yazılmış emblemi nümayiş etdirir.
Əcəba, Moskva Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bu cür təxribatlarla nə demək istəyir? Rusiya artıq çoxdan vurulmuş Qarabağ "kartından" niyə əl çəkə bilmir? Üstəlik, Ukrayna cəbhəsində rus ordusu nə günə qalıb ki, erməni separatçılara bel bağlayırlar? Onlar döyüşə bilsəydilər, elə Qarabağda döyüşərdilər, dabanlarına tüpürüb aradan çıxmazdılar...
Professor Qulu Məhərrəmli Musavat.com-a qeyd edib ki, Rusiya televiziyalarının, ümumiyyətlə, Rusiyanın ideoloji istiqamətinin bu cəhəti təəccüblü deyil: "Nə Rusiyanın özü, nə oradakı generalitet, nə də Rusiyada kifayət qədər güclü mövqelərə malik olan erməni lobbisi və erməni diasporu regionda baş verən hadisələrlə, Nikol Paşinyanın apardığı siyasətlə, Azərbaycanın bölgədə sülhə doğru atdığı addımlarla heç bir halda razılaşırlar. Rusiya rəhbərliyi bunu qəbul etmir. Rusiya televiziya kanalları da Kremlin tribunası rolunda çıxış edərək, yeri gəldi-gəlmədi, bu cür məsələlərə diqqət yetirir, vaxtaşırı həmin mövzunu gündəmə gətirirlər. Bununla sanki xatırlatmağa çalışırlar ki, onlar hələ də bu məsələnin tamamilə bitdiyini qəbul etmirlər, guya erməni gücü, erməni ordusu və erməni silahlı qüvvələri hələ də mövcuddur. Halbuki bunların hamısı Ermənistandan kənarda cərəyan edən hadisələrdir. Məhz buna görə də "Artsax" mövzusu seçkilərdə xüsusilə populyarlıq qazanmayandan sonra indi onu Rusiya efirlərinə daşıyırlar. Ola bilsin ki, sabah Fransada hansısa televiziya kanalı da bu barədə danışsın".
Qulu Məhərrəmli hesab edir ki, bunların heç biri nə Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına, nə də regionda gedən sülh prosesinin irəliləməsinə töhfə verir: "Əksinə, bunlar təxribatçı addımlardır. "Artsax" məsələsi faktiki olaraq mövcud deyil. Azərbaycanda artıq az qala unudurlar ki, nə vaxtsa belə bir mövzu olub. Ermənistandakı seçkilərdən sonra böyük uğursuzluqla üzləşən Rusiyanın siyasi texnoloqları və siyasi dairələri bu kartdan istifadə edə bilmədilər. Cəmiyyət onların arxasınca getmədi. Ermənistan xalqının əksəriyyəti sülh yolunu seçdi. Paşinyan özü də açıq şəkildə bəyan etdi ki, biz Qarabağ hərəkatına "yox" deyirik. Yəni sonu görünməyən, başqa xalqların və dövlətlərin ərazilərinə iddia edən, daim müharibə, qan, ölüm, itkilər və göz yaşları gətirən belə bir hərəkatı Ermənistan qəbul etmir. Buna görə də başqa siyasi xətt seçilib və hesab edirəm ki, Ermənistanın gələcəyi və inkişafı da məhz həmin xətt üzərində qurula bilər. Rusiya isə hazırda ciddi problemlərlə üzləşən bir ölkədir. Ukrayna müharibəsi ona rahat nəfəs almağa imkan vermir. Çox ciddi daxili və xarici problemləri var. Belə bir şəraitdə mənə elə gəlir ki, Rusiya ilə qarşıdurmaya getməyin də xüsusi mənası yoxdur. Hesab edirəm ki, bu cür addımlara münasibət bildirmək lazımdır və açıq şəkildə demək lazımdır ki, Rusiya televiziyasının bu addımı doğru deyil. Bu, həm Ukraynaya qarşı, həm Azərbaycana qarşı, həm də Ermənistanın özünə və onun hazırkı hakimiyyətinə qarşı yönəlmiş qızışdırıcı və təxribat xarakterli addımdır. Üstəlik, bu cür yanaşmaların heç bir perspektivi də yoxdur".