Vaşinqtonda Qərbi Azərbaycan konfransı: "Qayıdış konsepsiyası beynəlxalq gündəliyə salınmalıdır" – ÖZƏL
14:24 SiyasətABŞ-nin paytaxtı Vaşinqtonda, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdış hüququnun beynəlxalq səviyyədə tanınmasının vacibliyi vurğulanıb. Həmçinin Ermənistanda Azərbaycan xalqına məxsus mədəni və dini irsin dağıdılması faktlarının araşdırılması tələb olunub.
Mövzunu siyasi şərhçi Azad Məsiyev Olaylar.az-a şərh edib. Siyasi şərhçi bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan 1918-ci ildə müstəqil dövlət kimi elan olunarkən hər iki dövlətin əraziləri müəyyən edilmiş və həmin dövrün tarixi sənədlərində bu ərazilər öz əksini tapmışdır. Ermənistanda, yəni Ararat Respublikasının yaradıldığı dövrdə Ermənistanın təxminən 9 min kvadratkilometr ərazisi olmuşdur. Həmin dövrdə Zəngəzur, Göyçə və digər ərazilər Azərbaycanın tarixi torpaqları hesab olunurdu. Eyni zamanda İrəvan xanlığı ilə bağlı tarixi faktlar və sənədlər də bunu təsdiq edir. Bu ərazilər qədim Azərbaycan torpaqları olmaqla yanaşı, həmin bölgələrdə soydaşlarımız məskunlaşmış, onların dədə-baba yurdları formalaşmışdır. 1918-ci ildən sonra, xüsusilə bolşeviklərin hakimiyyətə gəlməsindən sonrakı dövrdə Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistan ərazisində yaşayan soydaşlarımız müxtəlif mərhələlərdə məcburi köçürülmüş və öz yurdlarından çıxarılmışlar. Bu proses müxtəlif dövrlərdə davam etmişdir. İstər 1940-cı illərdə, istər sonrakı mərhələlərdə, nəhayət 1988-ci ildə soydaşlarımız zorla öz dədə-baba torpaqlarından qovulmuşlar. Bu hadisələr həm tarixi sənədlərdə, həm də keçmiş SSRİ rəhbərliyinin və müvafiq dövlət qurumlarının sənədlərində öz əksini tapmışdır. Hətta xatırlatmaq yerinə düşər ki, keçmiş SSRİ Ali Sovetində keçirilən müzakirələr zamanı da Ermənistandan qovulmuş azərbaycanlıların sayı və onların vəziyyəti ilə bağlı məsələlər açıq şəkildə səsləndirilmişdir. Bu faktların hamısı müxtəlif sənədlərdə öz əksini tapmışdır.
Siyasi şərhçi qeyd edib ki, bu gün Qərbi Azərbaycan İcmasının irəli sürdüyü qayıdış konsepsiyasının və qayıdış gündəliyinin beynəlxalq səviyyədə müzakirə olunması vacib məsələlərdən biridir. Bu mövzunun beynəlxalq arenaya çıxarılması aktual əhəmiyyət daşıyır. Çünki soydaşlarımızın öz doğma torpaqlarından qovulması beynəlxalq hüquq baxımından da qiymətləndirilməli və müvafiq hüquqi müstəvidə tanınmalıdır. Bu baxımdan ABŞ kimi dünyanın aparıcı dövlətlərindən birində belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər soydaşlarımızın üzləşdiyi haqsızlıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından vacibdir. Eyni zamanda bu məsələnin Birləşmiş Millətlər Təşkilatının müxtəlif platformalarında müzakirəyə çıxarılması da mühüm məsələlərdən biridir. Bunun üçün ilk növbədə beynəlxalq ictimai rəy formalaşdırılmalıdır. Beynəlxalq ictimai rəyin formalaşdırılması üçün dünyanın siyasi və iqtisadi güc mərkəzlərində belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bildiyiniz kimi, erməni lobbisi ABŞ-də kifayət qədər fəaldır və uzun illərdir öz mövqelərini ABŞ ictimaiyyətinə və siyasi dairələrinə çatdırmağa çalışır. Azərbaycan kiçik dövlət olsa da, mövcud tarixi reallıqların və həqiqətlərin ABŞ ictimaiyyətinə, ABŞ-nin siyasi dairələrinə, dövlət və ictimai xadimlərinə çatdırılması üçün belə tədbirlərin keçirilməsi olduqca vacibdir. Bu, təqdirəlayiq təşəbbüsdür və dəstəklənməlidir. Hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, xüsusilə diaspora fəaliyyəti ilə məşğul olan insanlar bu məsələni daim gündəmdə saxlamalıdırlar. İstər beynəlxalq tədbirlərdə, istərsə də kütləvi informasiya vasitələrində bu mövzu aktual istiqamətlərdən biri kimi diqqətdə saxlanmalıdır. Qərbi azərbaycanlıların geri qayıtması beynəlxalq hüquq baxımından onların fundamental hüquqlarından biridir və bu hüququn tanınması vacibdir. Eyni zamanda beynəlxalq sənədlərdə, xüsusilə insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumlarının gündəliyində bu məsələ öz yerini tapmalıdır. Bu səbəbdən ABŞ-də, Avropada və dünyanın digər mühüm siyasi mərkəzlərində bu mövzunun müzakirəsinin davam etdirilməsi və gündəmdə saxlanılması tarixi baxımdan da vacib hesab olunur. Çünki qayıdış proqramının davamlı şəkildə gündəmdə saxlanılması tarixi yaddaşın qorunmasına, dədə-baba yurdlarımızın və tarixi torpaqlarımızın unudulmamasına xidmət edir.
Ekspertin fikrincə, azərbaycanlıların öz doğma yurdlarına geri qayıtması və həmin torpaqlarda yenidən məskunlaşması mühüm məsələlərdəndir. Bu, həm tarixi ədalətin bərpası, həm insan hüquqlarının təmin olunması, həm də dövlətimizin həyata keçirdiyi siyasət baxımından əhəmiyyətlidir. Təbii ki, Ermənistan bu məsələyə müsbət yanaşmaya bilər. Lakin bu mövzu beynəlxalq hüquq müstəvisində qaldırılmalı və beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının tanınmasına diqqət yetirməlidir. Bu baxımdan müxtəlif ölkələrdə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ABŞ-nin siyasi arenasında bu cür tədbirlərin keçirilməsi qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından mühüm və irəliyə doğru atılmış ciddi addımlardan biridir.
Səidə Ramazanova