İran-Ermənistan xətti: Strateji tərəfdaşlığın görünən və görünməyən tərəfləri- ÖZƏL

Erməni politoloq Armen Ayvazyan İranın bölgədə gücləndiyini bildirərək Ermənistanı Tehranla hərbi-siyasi ittifaq qurmağa və Zəngəzur dəhlizinə qarşı birgə addımlar atmağa çağırıb. Lakin rəsmi məlumatlara görə, tərəflər arasında strateji tərəfdaşlıq danışıqları dayanıb və etimadsızlıq artıb. İran rəsmiləri Ermənistanın anti-İran qüvvələrin mərkəzinə çevrildiyini, ABŞ hərbçilərinin regiona gətirilməsinin isə Tehran üçün təhdid yaratdığını bəyan ediblər.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Dini və ideoloji anlamda İran və Ermənistan arasında bəlli fərqlərə baxmayaraq, tərəflər arasındakı münasibətlər strateji tərəfdaşlıq zəminində aparılır. İran Ermənistan üçün xaricə çıxış, enerji , tikinti materialları, minerallarla təminat baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın dünyaya çıxışı əsasən İran üzərindəndir, bundan əlavə tikinti materiallarının 25%-i Ermənistan İrandan alır,  bu ölkənin qazla təminatında İran 17%-lik göstəriciyə malikdir, üstəlik enerji təminatı ilə bağlı məsələlər barter üsulu ilə həyata keçirilir, aldığı qazın müqabilində Ermənistan İrana elektrik enerjisi ixrac edir. Loqistika və dəhlizlərlə bağlı məsələlərdə də, maraqlar anlaşılandır. Hərçənd, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən sonra rəsmi İrəvanın Qərb alyansı , xüsusilə ABŞ-la münasibətləri genişləndirmək, Rusiya faktorunun təzyiq və təhdidlərinin doğura biləcəyi problemlərdən sığortalanmaq məqsədilə Paşinyanın ABŞ və NATO ilə münasibətləri yeni müstəvi üzərinə gətirmək, ABŞ-ın məhdud hərbi kontingentini Orta Dəhlizin təhlükəsizliyinə zəmanət adı altında Ermənistana cəlb etmək rəsmi Tehranın regionla bağlı geosiyasi maraqları baxımından onu qane etmir, əksinə narazılıq doğurur və bu narazılığın güclənmə ehtimalı Paşinyanı da düşündürür. Məlum reallıqlar Paşinyanı regional və qlobal oyunçular ətrafında manipulyasiyalar etmək , sonluğu riskdən xali olmayan manevrli gedişlər etmək zərurəti qarşısında qoyur.
İranın zəifləməsi "təhlükəsizlik qayğıları" anlamında Ermənistanı qane etmir, zira bu Türkiyə və Azərbaycanın regiona təsir imkanlarının artması anlamında qəbul olunur. Paşinyan seçkilərdə qələbə çalıb hakimiyyətini qoruya bilsə də, Türkiyə və Azərbaycanla münasibətləri sülhə aparacaq addımlar atmaq səlahiyyətlərində deyil. Məlumdur ki, onun seçkilərdə əldə etdiyi qələbə ölkədə referendum keçirmək təşəbbüsündə bulunmaq və beləliklə referendum üzərindən Azərbaycanın yekun sülhün əldə edilməsi üçün irəli sürdüyü şərtləri həll etmək şanslarından məhrum edib.
Bəlli şərait isə Paşinyanı münasib vaxt yetişənə qədər güzəştlər taktikasına əməl etməyə sövq edir.
Eyni vəziyyət İran və Ermənistan arasındakı münasibətlərə üçün də xarakterikdir.
İran ABŞ-la hərbi, siyasi qarşıdurmada duruş gətirib super regional güc olduğunu sübut etdi. Lakin, bu vəziyyətin hansı müddət üçün dayanıqlı olacağı hələlik tam mənada aydın deyil.
Bəllidir ki, rəsmi Tehran Çin və Rusiya ilə bahəm Tramp dəhlizi deyilən marşurutun rentabelliyində maraqlı deyil. Zira bu layihə Rusiya və İran ətrafından keçməklə Avropadan yükdaşınmaların Asiyaya daşınmasını nəzərdə tutur. Bu isə İranın yükdaşınmalardan əldə edəcəyi geosiyasi və maliyyə dividentlərindən məhrum olmasıdır. İranla razılaşdırılmadan onun Ermənistanla həmsərhəd bölgədə nəqliyyat infrastukturunun qurulması üçün maraqlı tərəflərin atacağı addımlar məhz bu konteksdə İranı narahat etdiyindən İranın sabiq ali dini rəhbəri "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" ampluasında məlum proseslərə mövqe sərgiləmişdir. İranın bu günkü siyasi rəhbərliyinin həmin kursa sadiq qalaraq Ermənistanla münasibətləri perspektivdə də məhz bu zəmində genişləndirəcəyi birmənalıdır və bu siyasət Paşinyana İranın regional maraqlarının ziddinə olaraq addım atmaması üçün xəbərdaredici bir ismarıcdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31