Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycana nə vəd edir?

Azərbaycan coğrafi mövqeyi və irəli sürdüyü qlobal nəqliyyat və enerji layihələri ilə Türk dövlətlərinin iqtisadi və siyasi inteqrasiyasında əsas körpü rolunu oynayır. Ölkənin təşəbbüsləri türk xalqları arasında əlaqələri mədəni müstəvidən real geostrateji və ticari gücə çevirib. Azərbaycanın Türk dövlətlərinin inteqrasiyadakı əsas rolu Orta Dəhliz və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafından ibarətdir. Paralel olaraq Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Türkmənistan, Özbəkistan) karqo və yükləri Azərbaycan üzərindən Avropa və dünya bazarlarına çıxarılır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin Mərkəzi Asiya dövlətlərinin ali məşvərət formatına daxil olması da məhz bu kimi ali məqsədlərə xidmət edir. Xatırladaq ki, Azərbaycan 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu qəbul edilib. Bununla da, regionun əməkdaşlıq formatı 5 ölkədən ("C5") 6 ölkəyə ("C6") genişlənib.

Onu da qeyd edək ki, Azərbaycan bu platformaya daxil olan Mərkəzi Asiyadan kənar ilk ölkədir. Bu birgə platformada Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Azərbaycan yer alır. Məqsəd əməkdaşlıq çərçivəsində ticarət, rəqəmsal əlaqə və Orta Dəhliz kimi Mərkəzi Asiya ölkələrinin məşvərət platforması kimi yaradılan bu format artıq Mərkəzi Asiya Birliyinə doğru atılmış addım hesab olunur.

Artıq  Mərkəzi Asiya ölkələrinin artıq Avropa ilə Asiya arasında, sadəcə, tranzit məntəqə yox, regional aktor kimi çıxış etmək niyyəti ortadadır. Mərkəzi Asiyada yeni iqtisadi birliyin formalaşması Azərbaycan üçün də ciddi üstünlüklər yaradır. Ölkəmiz coğrafi baxımdan Avropada yerləşsə də, Asiyaya açılan əsas qapıdır. Bu gün Avropa-Asiya əməkdaşlığı yalnız Azərbaycan vasitəsilə səmərəli şəkildə həyata keçirilə bilər. Buna görə də Azərbaycanın tarixi və mədəni bağlara sahib olduğu Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi həm bizim, həm də regionun beş ölkəsinin milli maraqlarına tam uyğundur. Digər tərəfdən, Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda və Özbəkistanda iqtisadi inkişaf tempi sürətlidir. Təkcə Özbəkistanın illik iqtisadi artımı 6 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan bu bazarda mövqelərini gücləndirməklə öz milli istehsalının ixracı üçün dayanıqlı və geniş bazar təmin etmiş olur.

Elə Türkmənistan Prezidenti Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri də məhz bu amala xidmət edir. Səfər çərçivəsində imzalanan sənədlər, dövlət başçıları tərəfindən səsləndirilən bəyənatlar fikrimizi bir daha təsdiq edir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal rolu olub. Prezident İlham Əliyev də bu alicənab addıma görə həmkarına təşəkkürünü bildirib: "Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq".

Şübhəsiz ki, Zəngəzur dəhlizinin (TRIPP) açılması Mərkəzi Asiyanın Avropa ilə yanaşı, Yaxın Şərqə də daha sürətli çıxışını təmin edəcək. Hətta gözləmək olar ki, Mərkəzi Asiya birliyi Avropa İttifaqının modelindən bəhrələnərək şərti sərhəd prinsipini tətbiq edib qarşılıqlı ticarəti və insan axınını maksimum dərəcədə sədələşdirsin. Bunun nəticəsində turizm və xidmət sektorlarında ciddi canlanma baş verə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: "Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".

Göründüyü kimi  Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Artıq Azərbaycan və Mərkəzi Asiya ölkələri həm də vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada - Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Statistik göstəricilərə əsasən, Orta dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin  (TRIPP) açılması ilə bu rəqəmlər daha da yüksələcək. Ümumiyyətlə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31