“Türkiyə Ermənistana güzəşt etməyəcək” - Zəlimxan Məmmədli

“Ermənistan bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirak etmək istəyirsə, Türkiyə və Azərbaycana qarşı olan qərəzli iddialarından əl çəkməlidir”

Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryan yerli mətbuata açıqlmasında bildirib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfərində rəsmi Ankara qondarma "erməni soyqırımı"nı tanıya bilər. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədli hesab edir ki, Ermənistanı himayə edən qüvvələr Azərbaycan və Türkiyə əleyhinə olan "erməni kartı"nın içərisində olan qondarma "soyqırım" və Dağlıq Qarabağı kimi atributları gündəmdə saxlayırlar. Z.Məmmədli qeyd edib ki, Türkiyənin bölgədəki varlığı və Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsi Azərbaycanın lehinə olan məsələdir. Türkiyə regionda söz sahibi olan dövlətdir. Ona görə də Əhməd Davudoğlunun İrəvana səfəri zamanı Ankaranın Dağlıq Qarabağ və qondarma "erməni soyqırımı" məsələlərində Ermənistana güzəşt edəcəyi inandırıcı deyil. Politoloq vurğulayıb ki, Türkiyənin qarşısında duran prioritet problemlərin ədalətli həllidir: "Aparılan danışıqlarda da bu Türkiyənin əsas vurğularından biridir. Ermənistan bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirak etmək istəyirsə, Türkiyə və Azərbaycana qarşı olan qərəzli iddialarından əl çəkməlidir. Bundan sonra Ermənistanla çoxtərəfli əməkdaşlıqlar üzərində düşünmək olar. Azərbaycan və Türkiyənin diplomatik mövqeyi bundan ibarətdir. Yaranmış mövcud vəziyyətdə Ermənistanın qondarma "soyqırım" məsələsini ortaya atması, konkret olaraq Sərkisyan hakimiyyətinin Türkiyənin bölgədə artan nüfuzunu və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürmək istəyini pozmaqdan irəli gəlir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00