İrəvanda siyasi balans, regionda sülh gözləntiləri- ÖZƏL
17:01 Siyasət"Ermənistanda seçkilər bir daha onu göstərdi ki, Ermənistan cəmiyyəti hələ tam şəkildə radikal düşüncədən sivil təfəkkürə keçə bilməyib. Eyni zamanda, ölkə daxilində hələ də revanşist qüvvələrə inam var və bəzi dairələr utopik ideyaların reallaşacağına ümid edirlər. Ona görə də düşünmək olar ki, Ermənistanın bundan sonrakı xarici siyasətində islahatçı qüvvələr, yəni qərbyönümlü hesab olunan Paşinyan hakimiyyəti və onunla eyni siyasi baxışları bölüşən digər dairələr daha ehtiyatlı addımlar atmağa məcbur olacaqlar. Çünki revanşist ideyaların tam sönmədiyi bir cəmiyyətdə öz siyasi üstünlüklərini qoruyub saxlamaq onlar üçün əsas şərtlərdən birinə çevriləcək".
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Bu isə təbii ki, onların Azərbaycanla sülh istiqamətində apardıqları danışıqlara, prosesin yekun mərhələyə çatdırılmasına və sülh müqaviləsinin imzalanmasına müəyyən mənada təsir göstərə bilər. Ancaq unutmaq lazım deyil ki, istənilən halda Nikol Paşinyan hakimiyyəti seçkilərdə çoxluğu təmin edib. Ermənistanda əsas siyasi mövqelər, baş nazir postu və digər dövlət strukturlarına nəzarət yenə də Paşinyan iqtidarının əlində olacaq. Burada əsas məsələ konstitusion çoxluğun olmamasıdır. Bu isə sülh prosesinə o mənada təsir edə bilər ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanın əsas tələblərindən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində təkbaşına qərar verə bilməyəcək. Bunun üçün müxalifətdən də müəyyən sayda səsə ehtiyac yaranacaq. Revanşist qüvvələrin və müxalifət fraksiyalarının isə Azərbaycanın bu təklifinə qarşı çıxacağı və mümkün konstitusiya dəyişikliklərini dəstəkləməyəcəyi ehtimal olunur.
Bu da öz növbəsində sülh prosesini ləngidə, etimad mühitinə zərbə vura və Azərbaycanın haqlı narahatlıqlarını artıra bilər.
Bununla belə, mən düşünmürəm ki, hazırda dövlətə nəzarət edən Ermənistan hakimiyyəti qəfil qərar verərək sülh gündəliyindən imtina edib prosesi yenidən müharibə və ya qarşıdurma müstəvisinə daşısın. Həmçinin regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq məsələlərində də Ermənistanın fərqli siyasət yürütməsi inandırıcı görünmür.
Çünki bu, ilk növbədə Ermənistanın öz dövlət maraqlarına uyğundur. Ermənistan iqtisadiyyatının canlanmağa və şaxələnməyə ehtiyacı var. Eyni zamanda, ölkə Rusiyadan asılılığını azaltmağa çalışır. Bu isə həm Azərbaycanın, həm region dövlətlərinin, həm də regiondan kənarda olsa da tranzit maraqları olan ölkələrin maraqlarına uyğun gəlir.
Sülh məsələsində Azərbaycanın narahatlıqları isə mütləq nəzərə alınmalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin 5, 10 və ya 20 illik deyil, uzunmüddətli və dayanıqlı olmasını istəyir. Əgər sülh imzalanacaqsa, Azərbaycanın haqlı narahatlıqları və hüquqları da həmin sənəddə öz əksini tapmalıdır.
Bəzi erməni ekspertlərinin prosesin böyük güclər tərəfindən yönləndirilməsi ilə bağlı fikirləri ilə isə razı deyiləm. Çünki əvvəlki dövrlərdə danışıqlar Avropa ölkələrində, Rusiyada və ya digər mərkəzlərdə üçüncü tərəflərin vasitəçiliyi ilə aparılırdı. Həmin vaxt nə maddələr üzrə yekun razılıq əldə edilə bilirdi, nə də etimad mühiti formalaşırdı. Lakin son dövrlərdə Azərbaycan və Ermənistan üçüncü tərəfləri prosesdən kənarlaşdıraraq birbaşa danışıqlara başladılar. Yalnız iki ölkənin diplomatlarının iştirak etdiyi görüşlər keçirildi və nəticədə sülh sazişinin mətninin razılaşdırılmasına qədər ciddi irəliləyiş əldə olundu.
Bu gün də hesab edirəm ki, sülh quruculuğu istiqamətində irəliləyiş yalnız Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlardan asılıdır. Prosesi uzadan əsas məsələ Ermənistan Konstitusiyası ilə bağlıdır. Əgər Ermənistan bu məsələdə Azərbaycanın haqlı iradlarını və tələblərini qəbul etsə, düşünürəm ki, sülhün uzanmasına səbəb olan digər məsələlərin həlli də daha asan olacaq.
Bu gün sülh prosesini böyük güclərin yönləndirdiyini düşünmürəm. Lakin regional və beynəlxalq əhəmiyyətli iqtisadi layihələr, tranzit marşrutları və kommunikasiya xətləri ilə bağlı məsələlər var ki, həmin layihələrdə maraqlı tərəf olan dövlətlər təbii olaraq öz mövqelərini ifadə edirlər.
Bu da normaldır.Dünyada böyük iqtisadi layihələr həyata keçirilirsə, həmin layihələrdə iştirak edən bütün tərəflər öz maraqlarını müdafiə etməyə çalışacaqlar.
Nəticə etibarilə, Azərbaycan da beynəlxalq hüquqa uyğun şəkildə öz maraqlarını təmin edəcək. Regionun əsas tranzit ölkələrindən biri kimi Azərbaycan bu layihələrdən və yeni imkanlardan layiq olduğu payı əldə edəcək".
Zeynəb Mustafazadə