Ermənistandakı seçki xaosu və qlobal güclərin savaşı: Bakı-İrəvan xəttində nələr dəyişir? – ÖZƏL
16:55 SiyasətErməni politoloq Akop Badalyan hesab edir ki, Azərbaycanın əsas narahatlığı Ermənistanda parlament seçkilərindən sonra siyasi mənzərənin dəyişməsi ehtimalı ilə bağlı olub. Onun sözlərinə görə, əgər müxalif qüvvələr parlamentdə daha güclü təmsil olunsaydılar, bu, Ermənistan-Azərbaycan sülh prosesinə də təsir göstərə bilərdi. Badalyan həmçinin Nikol Paşinyanın müharibə risklərini idarə etmək qabiliyyətini şübhə altına alaraq bildirir ki, hazırda müharibə və sülh məsələləri daha çox geosiyasi güclər səviyyəsində həll olunur.
"Ermənistandakı daxili siyasi proseslərin və parlament seçkilərinin sülh danışıqlarına, əlbəttə ki, təsiri var. Müxtəlif ehtimallardan çıxış edərək demək olar ki, əgər parlamentdə Paşinyanın mövqeyi güclüdürsə, o, bundan istifadə edərək sülh danışıqlarının daha sürətli və uğurlu şəkildə aparılmasına çalışa bilər. Əksinə, əgər parlamentdə sülh tərəfdarlarının nisbəti o qədər də məqbul deyilsə, bundan istifadə edərək və ya hətta sui-istifadə edərək danışıqların daha ləng getməsinə şərait yarada bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, yəni bütün hallarda məsələ Paşinyan hökumətinin planlarından və niyyətlərindən asılıdır. Ermənistan mövcud şəraitdə Azərbaycan və Türkiyə ilə əməkdaşlığa üstünlük vermək məcburiyyətindədir. Çünki Rusiyadan uzaqlaşma və ya onun təsir dairəsindən çıxma prosesi yalnız o halda daha az ağrılı və itkisiz keçə bilər ki, yaranan boşluğu alternativ tərəfdaşlar doldursun. Ermənistan Rusiyadan ala bilmədiyini Azərbaycandan, yaxud Türkiyə ilə əməkdaşlıq vasitəsilə əldə edə bilsin. Bu baxımdan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi Ermənistan üçün də maraqlıdır. Bundan əlavə, Qarabağ məsələsi və ümumilikdə Qarabağ layihəsinin bağlanması həm Azərbaycan, həm də Paşinyan hökuməti üçün ortaq siyasi gündəm məsələlərindən biridir. Bu amil istər-istəməz Paşinyan hökumətini Azərbaycanla daha yaxın əməkdaşlığa sövq edir. Lakin Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı müəyyən çətinliklər mövcuddur. Burada referendum məsələsi, referendumun elan olunması üçün parlamentdə üçdə iki səs çoxluğunun təmin edilməsi və digər hüquqi-siyasi prosedurlar ön plana çıxır. Paşinyanın bu məsələləri necə həll edəcəyini isə zaman göstərəcək.
"Regionda müharibə və sülh məsələlərinin əsas geosiyasi güclər tərəfindən müəyyənləşdirilməsi ilə bağlı fikirlərə gəlincə, mən bu yanaşma ilə müəyyən mənada razıyam. Əslində, dünyada qlobal, orta və kiçik güclər mövcuddur və mən hesab edirəm ki, hələ də strateji əhəmiyyət daşıyan əsas məsələlər qlobal güclər tərəfindən müəyyən edilir. Düzdür, hazırda beynəlxalq münasibətlər sistemində müəyyən dəyişikliklər baş verir, güc balansı yenidən formalaşır. Lakin regionlarda və ya subregionlarda baş verən hadisələr yenə də böyük dövlətlərin qarşılıqlı münasibətlərindən, rəqabətindən və qüvvələr nisbətindən ciddi şəkildə asılı olur. Məsələn, əgər ABŞ güclənirsə və Cənubi Qafqazda təsir imkanlarını artırırsa, yaxud əksinə, Rusiya zəifləyirsə, bu, regiondakı proseslərə birbaşa təsir göstərir. Ancaq bütün hallarda onlar qlobal proseslərin əsas iştirakçıları olaraq qalırlar. Konkret hadisələrin icraçıları isə ayrı-ayrı dövlətlər və regional aktorlar ola bilər. Yəni burada qlobal güclərin təsiri, münasibəti və geosiyasi qərarları həlledici rol oynayır. Bununla yanaşı, regional güclərin və aktorların da proseslərə müəyyən təsir göstərmək, düzəlişlər etmək və öz maraqlarını irəli sürmək imkanları mövcuddur", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova