Qərbdəki bəzi qüvvələr Ermənistanda referendum keçirilməsində maraqlı deyillər- ÖZƏL

"ABŞ və Avropa İttifaqındakı bəzi beyin mərkəzlərinin, Avropa Parlamentindəki bəlli ünsürlərin, Fransa rəsmilərinin NATO-nun Ankara sammitində Türkiyənin Ermənistanla sərhədinin açılması məsələsinin gündəmə çıxarılması çağırışları ilə Avropa İnsan Hüquqları Məhkəməsinin iyunun 18-dəki qərarı arasında birbaşa bağlılıq var". Bunu "Olaylar"a Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bağlılıq ondadır ki, hər iki halda regionda davamlı və dayanıqlı sülhün yaranmasına maneçilik törətmək və Azərbaycanı cəzalandırmaq niyyəti güdülür. Çünki bizimlə hərtərəfli sülh anlaşması imzalanmadan Türkiyənin Ermənistanla sərhədi açması qarşı tərəfin bunun üçün tələb olunan konstitusiya dəyişikliklərini müxtəlif bəhanələrlə uzatmasına aparıb çıxaracaq. Avropa İnsan Hüquqları Məhkəməsinin işğalçı ordunun 2016-cı ilin aprel döyüşlərində məhv edilmiş mayorunun cəsədinin arzulanan halda olmadığına görə ölkəmizdən bütövlükdə 104 min avro kompensasiyanın ödənilməsi tələbi isə Ermənistandakı revanşistlərin həvəsləndirilməsi üçündür. Üstəlik, 2016-cı il aprel döyüşlərində təkcə işğalçının deyil, sözügedən məhkəməni təsir alətinə çevirənlərdən də bəzilərinin burunları əzilmişdi ki, yəqin belə cılız və iyrənc hərəkətlərlə bunun da heyfini çıxdıqlarını düşünürlər. 

Bəli, 2016-cı ildə işğalçı Ermənistanla yanaşı münaqişənin həllindənsə onun idarə edilməsində maraqlı olanların - 2011-ci ildə Dovil sammitində bizim regiondakı status-kvonun qəbuledilməzliyini deyib də, aradan çox az keçmiş hərbi ritorikanın dözülməzliyindən, savaşın mümkünsüzlüyündən dəm vuranların da cavabı verilmişdi. Minsk qrupu həmsədrləri bununla sülh danışıqlarının imitasiyasına dözməyəcəyini bildirən, hərbi xərcləri əhəmiyyətli dərəcədə artıran Azərbaycana xəbərdarlıq edirdilər ki, dözməkdən başqa çarən yoxdur. Həmin həmsədrlər "status-kvonun qəbuledilməzliyini" 2015-ci il 3 dekabrda "status-kvo dayanıqlı deyil" bəyanatı ilə əvəzlədikdən cəmi dörd ay sonra, 2016-nın aprelində ilk cavablarını aldılar. Azərbaycan onlara göstərdi ki, siz deyən kimidir, status-kvo doğrudan da dayanıqsızdır, amma həm də qəbuledilməzdir! 

İkinci Qarabağ savaşından sonra isə biz yeni status-kvo yaratdıq ki, bu da torpaqlarımızın işğal altında qalmasını istəyənlərin heç birinin ürəyindən deyil. Ona görə də onlar Qarabağın bir hissəsinin heç olmasa sənəd üzərində, indiki halda konstitusiyalarında Ermənistanınkı kimi təsbitində, onu aradan qaldıracaq referendumun keçirilməməsində, keçirilsə də uğurla nəticələnməməsində maraqlıdırlar. Qərbdəki bəlli çevrələrin Ermənistan konstitusiyası dəyişdirilmədən və Azərbaycanla hərtərəfli sülh sazişi imzalanmadan Türkiyənin sərhədlərini açması tələbləri də sevimli haylarının iqtisadi durumlarını yaxşılaşdırmaq istəyindən çox, məhz bundan irəli gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31