ABŞ-İran razılaşmasının geosiyasi təsirləri nədən ibarət ola bilər?

ABŞ və İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməsilə başlanan müharibə hazırda dinc dövrünü yaşayır. Artıq ABŞ və İran prezidentləri iki ölkə arasında memorandumu imzalayıb. Məlumata görə, sənəd "İslamabad anlaşma memorandumu" adı altında elektron formatda rəsmiləşdirilib və hər iki ölkənin prezidentləri tərəfindən imzalanıb. Sənəd həmçinin vasitəçi kimi Pakistan tərəfindən də təsdiqlənib. Razılaşmaya əsasən Memorandum dərhal qüvvəyə minir və ilkin mərhələdə İran Hörmüz boğazının açılmasına, ABŞ isə dəniz blokadasının ləğvinə gedəcək addımlar atacaq.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalar barədə danışıqlar 2025-ci ildə nəticəsiz qaldı. 28 fevral 2026-cı ildə ABŞ və İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirdi. Bu hadisə genişmiqyaslı qarşıdurmanın başlanğıcı hesab edilir. Çünki, İran ABŞ və müttəfiqlərinin maraqlarına qarşı hərbi və raket cavab tədbirləri gördü. Regionda enerji infrastrukturu və dəniz nəqliyyatı təhlükə altına düşdü. İranın fəaliyyəti nəticəsində Hormuz Boğazı üzərində nəqliyyat ciddi şəkildə pozuldu və dünya neft bazarında qiymətlər kəskin artdı. Dünya bazarında böhran təhlükəsini hiss edən Pakistan və digər vasitəçilərin iştirakı ilə atəşkəs danışıqları başladı. Nəhayət tərəflər müharibəni dayandırmaq üçün ilkin çərçivə razılaşmasına gəldilər. Sözügedən razılaşma hərbi əməliyyatların dayandırılmasını, Hormuz boğazının yenidən açılmasını, İran neft ixracına müəyyən güzəştləri, nüvə proqramı üzrə əlavə danışıqları nəzərdə tutur. Buna baxmayaraq, müharibə tam sülh sazişi ilə deyil, çərçivə razılaşması və 60 günlük danışıqlar prosesi ilə dayandırılıb. Razılaşmadan sonra neft qiymətləri aşağı düşməyə başlayıb və İranın neft ixracı tədricən bərpa olunur.

Tərəflər üzərlərinə hansı öhdəlikləri götürürlər?

Qeyd edək ki, tərəflər arasında ən mübahisəli məsələ İranın zənginləşdirilmiş uran ehtiyatları və gələcək nüvə proqramının taleyidir. Hələlik bu məsələ barədə konkret razılaşma yoxdur. 14 maddədən ibarət olan İran və ABŞ arasında nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumunda regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərin tənzimlənməsini əhatə edir. Bəzi mənbələrə görə, sənədə əsasən, tərəflər bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dərhal və daimi dayandırmağı planlaşdırırlar. Eyni zamanda ABŞ İranın daxili işlərinə qarışmamağı və İran İslam Respublikasının suverenliyinə hörmət etməyi öhdəsinə götürür. Memorandumda 30 gün ərzində İrana qarşı tətbiq olunan dəniz blokadasının tamamilə ləğvi, həmçinin ABŞ qüvvələrinin İran sərhədlərinə yaxın regionlardan çıxarılması nəzərdə tutulur. Sənəd həmçinin Hörmüz boğazının yenidən açılmasını və İran neftinin satışına tətbiq olunan məhdudiyyətlərin dayandırılmasını ehtiva edir. Layihəyə görə, ABŞ və onun müttəfiqləri İran infrastrukturunun bərpası üçün 300 milyard dollar həcmində proqram təqdim etməlidirlər. Bundan əlavə, yekun razılaşmaya nail olmaq məqsədilə 60 günlük danışıqlar prosesinin keçirilməsi planlaşdırılır. İran isə öz növbəsində nüvə silahı istehsal etməməyi öhdəsinə götürür. Bununla yanaşı, ABŞ danışıqlar müddətində yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi mövcudluğunu genişləndirməməlidir. Sənəddə həmçinin qeyd olunur ki, İrana məxsus dondurulmuş 24 milyard dollarlıq aktivlərin blokdan çıxarılması, sazişin icrasına nəzarət mexanizminin yaradılması və yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur. Sənədin bütün təfərrüatları açıqlansa da məlumata görə, İranın dondurulmuş vəsaitlərinin ən azı yarısının sərbəst buraxılması, neft sanksiyalarının dayandırılması və dəniz blokadasının aradan qaldırılması da daxil olmaqla bir sıra ilkin şərtlər yerinə yetirilməyənədək yekun danışıqlar başlamayacaq.

Çərçivə sazişi regiona nə vəd edir?

ABŞ və İran arasında müzakirə olunan çərçivə sazişi Yaxın Şərq və qonşu regionlarda güc balansını kökündən dəyişməyə hesablanmış genişmiqyaslı geosiyasi transformasiyadır. Analitiklər hesab edirlər ki, sənəd nüvə proqramının məhdudlaşdırılması, sanksiyaların yumşaldılması və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsini əhatə edir. Razılaşmanın əsas geosiyasi təsirləri isə aşağıdakı kimidir: Yaxın Şərqdə Regional Balansİranın mövqelərinin möhkəmlənməsi, Sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin qaytarılması. Etiraf edək ki, belə bir razılaşma İranın iqtisadi və siyasi təsir imkanlarını artıracaq, ölkəni beynəlxalq təcriddən çıxaracaq. Körfəz ölkələrinin narahatlığı da məhz bununla bağlıdır. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb dövlətləri Tehranla münasibətləri normallaşdırmağa çalışsalar da, İranın qlobal bazarlara tam inteqrasiyası və regional nüfuzunun artması onların təhlükəsizlik strategiyalarına yenidən baxmalarına səbəb olur. ABŞ-İsrail münasibətlərinə gəldikdə qeyd edilməlidir ki, razılaşmanın şərtləri ABŞ və İsrail arasında İranın təhlükəsinə yanaşmada fikir ayrılıqları və gərginlik yarada bilər. 

Bu razılaşmanın Cənubi Qafqaza və Xəzər Hövzəsinə təsirlərinin olacağı da istisna edilmir. Xüsusən, Ermənistan üçün yeni imkanlar açılır. İranın beynəlxalq legitimlik qazanması və iqtisadi yüksəlişi rəsmi İrəvana regionda Türkiyə və Azərbaycanın təsirini balanslaşdırmaq üçün yeni dayaq nöqtəsi və daha müstəqil xarici siyasət manevrləri vəd edir. Həmçinin, İranın qlobal ticarətə və investisiyalara qayıtması Şimal-Cənub Nəqliyyat Dəhlizi başda olmaqla tranzit layihələrinin hüquqi və iqtisadi əsaslarını gücləndirə bilər. Sazişin tərkib hissəsi olaraq Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi qlobal neft marşrutlarındakı riskləri azaldır. Bu, birbaşa olaraq dünya neft bazarlarında qiymətlərin sabitləşməsinə xidmət edir. 

Lakin İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Sanksiyaların tam və ya qismən ləğv olunacağı, razılaşmanın icrasına nəzarət mexanizmləri, ABŞ Konqresinin və İran daxilində müxtəlif siyasi qüvvələrin yekun mövqeyi hələ də aydın deyil. Qısası, memorandum İran üçün iqtisadi rahatlama və neft ixracının artması, ABŞ üçün isə İranın nüvə fəaliyyətinə daha sərt nəzarət əldə etmək imkanı vəd edir. Lakin hazırkı mərhələdə bu, tam razılaşma deyil, əsas məsələlərin əksəriyyəti qarşıdakı danışıqlarda həll olunmalıdır.

ABŞ-İran çərçivə sazişinin geosiyasi təsirləri

ABŞ-İran çərçivə sazişi reallaşarsa, onun təsiri təkcə iki ölkə ilə məhdudlaşmayacaq. Bu, Yaxın Şərqin təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və böyük güclər arasındakı rəqabətə təsir edə bilər. Sazişin əsas məqsədlərindən biri hərbi qarşıdurmanı dayandırmaq və diplomatik danışıqlar üçün vaxt qazanmaqdır. Bu, İranla ABŞ arasında birbaşa toqquşma riskini azaldır və region ölkələrinə nəfəs almaq imkanı verir. Xüsusilə Qatar, Küveyt, Bəhreyn və Iraq kimi Körfəz ölkələri bundan faydalana bilər. Belə ki, dünya neft ticarətinin əhəmiyyətli hissəsi Hörmüz boğazından keçir. Boğazın açıq qalması neft qiymətlərinə təzyiqi azalda bilər, qlobal inflyasiya risklərini aşağı sala bilər, Avropa və Asiya üçün enerji təchizatını daha təhlükəsiz edə bilər. Sanksiyaların qismən yumşaldılması və İran neftinin bazara qayıtması İranın dövlət gəlirlərini artırır, regional layihələrə daha çox maliyyə yönəltməsinə imkan verir. İranın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirir. Geosiyasi baxımdan ən böyük qazananlar qlobal enerji bazarları və Körfəz ölkələri ola bilər. ABŞ üçün əsas qazanc İranın nüvə proqramını nəzarət altına almaq cəhdidir. İran üçün isə iqtisadi nəfəs almaq və beynəlxalq təcriddən qismən çıxmaq imkanı yaranır. Lakin sazişin uzunmüddətli uğuru nüvə məsələsi, raket proqramı və regional təsir uğrunda rəqabətin necə həll olunacağından asılı olacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31