Ermənistan Rusiya qazına alternativ axtarır: Bakı ilə əməkdaşlıq realdırmı? – TƏHLİL – ÖZƏL
16:15 SiyasətErmənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bəyan edib ki, Rusiyadan qaz tədarükündə problem yaranarsa və ya qiymətlər qalxarsa, İrəvan alternativ təchizatçıları nəzərdən keçirəcək. O, potensial mənbələr kimi Azərbaycan, İran və Türkmənistanın adını çəkib.
"Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədrinin verdiyi açıqlamalar diqqət çəkir. Görünür ki, belə bir zərurət yarandığı üçün o, məsələ ilə bağlı mövqeyini açıqlayıb. Düşünürəm ki, qaz təchizatı ilə bağlı müəyyən problemlər, qiymət artımı və ya digər təzyiqlərlə üzləşdiklərinə görə bu mövzu gündəmə gətirilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, onun açıqlamasında Azərbaycan, İran və Türkmənistan Ermənistan üçün potensial qaz təchizatçıları kimi göstərilib. Bu da təsadüfi deyil. Ermənistan Cənubi Qafqazda yerləşir və qaz təchizatı baxımından ən əlverişli logistik imkanlara malik ölkələr məhz bunlardır. Bu bəyanat Cənubi Qafqazda və daha geniş regionda enerji təhlükəsizliyi, təchizat marşrutlarının şaxələndirilməsi və qaz bazarında mümkün yeni əməkdaşlıq formatları ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Məlum olduğu kimi, hazırda Ermənistanın qaz təchizatında əsas pay sahibi Rusiyadır və ölkənin enerji infrastrukturu uzun illərdir bu istiqamətdə formalaşıb. Hətta enerji infrastrukturunun qurulması və inkişaf etdirilməsinə qoyulan əsas investisiyalar da Rusiya mənşəlidir. Bununla yanaşı, Ermənistan İranla mövcud olan qaz-elektrik mübadiləsi çərçivəsində məhdud alternativ mexanizmlərdən istifadə edir. Burada klassik kommersiya qaz ticarətindən söhbət getmir. Ermənistan İrandan qaz alır, əvəzində isə elektrik enerjisi verir. Bu model əsasən sərhədyanı bölgələrdə tətbiq olunur. Azərbaycan isə regionun əsas enerji ixracatçılarından biri kimi Avropa və qonşu bazarlara qaz tədarükü həyata keçirir və bu istiqamətdə fəaliyyətini genişləndirməkdədir. Lakin bir məqamı da unutmaq olmaz ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən qarşıdurma iki ölkə arasında birbaşa qaz ticarətinin formalaşmasına imkan verməyib. Bu günə qədər Ermənistanla hər hansı ciddi ticari-iqtisadi əlaqələrimiz olmayıb, tərəflər daha çox müharibə şəraitində yaşayıblar. Müharibədən sonrakı dövrdə müəyyən normallaşma prosesləri müşahidə olunur və bu da müsbət addım hesab edilə bilər. Lakin buna baxmayaraq, qaz ticarəti sahəsində hər hansı rəsmi və ya kommersiya mexanizmi formalaşmayıb. Nə ticarət ənənəsi, nə əməkdaşlıq tarixi, nə də institusional təcrübə mövcuddur. Müstəqilliyin ilk illərindən etibarən tərəflər faktiki olaraq münaqişə şəraitində yaşayıblar. Bu səbəbdən enerji əməkdaşlığı üçün zəruri olan etimad mühiti formalaşmayıb.
Ekspertin sözlərinə görə, Azərbaycan qazının ixrac qiymət siyasəti əsasən bazar prinsiplərinə və uzunmüddətli müqavilələrə əsaslanır. Gürcüstana tətbiq olunan qiymət şərtləri avtomatik olaraq digər ölkələrə, o cümlədən Ermənistana tətbiq edilə bilməz və böyük ehtimalla edilməyəcək. Çünki Gürcüstanla Azərbaycan arasında uzun illərdir formalaşmış strateji tərəfdaşlıq, iqtisadi və siyasi əməkdaşlıq mövcuddur. Bu münasibətlər çərçivəsində müəyyən xüsusi qiymət siyasəti tətbiq edilir. Ermənistan üçün isə mümkün güzəştlərin tətbiqi iqtisadi və siyasi qərarlardan asılı ola bilər. Belə güzəştlər yalnız xüsusi siyasi qərar əsasında və müəyyən strateji məqsədlərə xidmət etdiyi halda mümkün görünür. Eyni zamanda, əgər gələcəkdə Azərbaycan-Ermənistan qaz ticarəti baş tutarsa, qiymətlərin formalaşmasında beynəlxalq qaz bazarındakı qiymətlər əsas rol oynayacaq. Bir tərəfdən 20 il ərzində əməkdaşlıq etdiyiniz, uzunmüddətli müqavilələriniz olan tərəfdaş ölkə var, digər tərəfdən isə uzun illər müharibə vəziyyətində olduğunuz və yalnız son dövrlərdə münasibətlərin normallaşmasına çalışan bir ölkə. Təbii ki, bu iki vəziyyətə yanaşma fərqli olacaq.
"Rusiya Azərbaycan və Ermənistan arasında mümkün qaz ticarətinin birbaşa müqavilə şərtlərinə hüquqi baxımdan müdaxilə edə bilməz. Çünki belə bir razılaşma iki suveren dövlət arasında bağlanacaq kommersiya müqaviləsi hesab olunacaq. Lakin regiondakı enerji asılılıqları və mövcud infrastruktur əlaqələri nəzərə alınarsa, Rusiyanın Ermənistan bazarı üzərində iqtisadi və siyasi təsir imkanları qalmaqdadır. Bu səbəbdən müxtəlif ssenarilər mümkündür. Rusiya əlində olan iqtisadi və siyasi rıçaqlar vasitəsilə Ermənistana təsir imkanlarını qoruyub saxlayır. Ermənistanın qaz təchizatı və enerji infrastrukturunun mühüm hissəsi hələ də Rusiya ilə bağlıdır. Bu gün Ermənistanın ən iri vergi ödəyiciləri sırasında Rusiya sərmayəsi ilə fəaliyyət göstərən şirkətlər yer alır. Onlardan biri də "Qazprom Ermənistan"dır ki, ölkənin ən böyük vergi ödəyicilərindən hesab olunur. Azərbaycanın Ermənistana qaz satacağı təqdirdə qiymətlərin formalaşması bir sıra amillərdən asılı olacaq. Bunlara beynəlxalq qaz bazarındakı qiymətlər, regiondaxili tranzit və nəqliyyat xərcləri, mövcud infrastruktur imkanları, texniki inteqrasiya səviyyəsi, eləcə də siyasi və iqtisadi münasibətlər daxildir. Azərbaycanla Ermənistan arasındakı münasibətlər xüsusi xarakter daşıdığı üçün qiymət formalaşmasında bu amillərin hər biri ayrıca nəzərə alına bilər. Bu halda bazar qiyməti modeli tətbiq oluna bilər. Bundan əlavə, uzunmüddətli müqavilələrə əsaslanan əməkdaşlıq modeli, regional tərəfdaşlıq yanaşması və ya Gürcüstan kimi qonşu ölkələrə tətbiq olunan diferensial tariflərə yaxın mexanizmlər də nəzərdən keçirilə bilər. Digər variant xüsusi siyasi-iqtisadi güzəştlər əsasında daha aşağı tariflərin tətbiq edilməsidir. Lakin bu, sadalanan bütün variantlar arasında ən az ehtimal olunan ssenari hesab edilə bilər", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova