Böyük sülhün psixoloji aşırımı: Paşinyan Bakı sammitinə niyə can atır? – ÖZƏL

"Nikol Paşinyanın 2029-cu ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət alacağı təqdirdə Azərbaycana səfərə hazır olduğunu açıqlamadı diplomatik nəzakət jesti sayılmaqla birgə, bölgənin gələcək arxitekturu ilə bağlı önəmli ismarıclar da daşıyır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, bu açıqlama erməni hökumətinin Azərbaycanla münasibətləri müharibə, qarşıdurma məntiqindən çıxararaq siyasi dialoq və qarşılıqlı təmaslar müstəvisinə keçirmək niyyətini nümayiş etdirir. Uzun illər boyu yüksək çinli erməni yetkililərinin Bakıya səfəri təsəvvür edilməyən bir hadisə kimi görünürdüsə, bu gün belə bir ehtimalın açıq şəkildə dilə gətirilməsi bölgədə yeni gerçəkliklərin formalaşdığını göstərir. İkincisi, Paşinyanın mövqeyi onların beynəlxalq ictimaiyyətə verdiyi bir ismarıc kimi də dəyərləndirilə bilər. Bu, İrəvanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirmək, eyni zamanda bğlgədə kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və təhlükəsizlik məsələlərində daha konstruktiv görünmək istəyinin ifadəsi ola bilər. Azərbaycan baxımından isə belə bir səfər, ilk növbədə, ölkənin bölgəsəl diplomatiya mərkəzinə çevrilməsinin daha bir göstəricisi olardı. Son illərdə Bakının beynəlxalq tədbirlərə ev yiyəliyi etməsi, müxtəlif platformlarda dialoq məkanı kimi çıxış etməsi bu yöndə önəmli təcrübə formalaşdırıb.

"Paşinyanın mümkün Bakı səfərinin sülh prosesinə təsirinə gəldikdə, burada ən önəmli məqam psixoloji aşırımların keçilməsidir. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri və birgə tədbirlərdə iştirakı cəmiyyətlərə də təsir göstərir, düşmənçilik stereotiplərinin yumşalmasına xidmət edir. Politologiyada buna "güvən quruculuğu tədbirləri" deyilir. Belə addımlar birbaşa hüquqi sənədlərdən daha çox, həmin sənədlərin həyata keçirilməsi üçün gərək olan siyasi və ictimai mühiti formalaşdırır. Bununla yanaşı, mümkün səfərin özlüyündə bütün problemlərin çözümü olmayacağı da bəllidir. Davamlı sülh üçün sərhədlərin delimitasiyası, daşımalar, kommunikasiya bağlarının açılması, ərazi bütövlüyünün tam tanınması və sülh müqaviləsinin hüquqi mexanizmlərinin işlənməsi kimi məsələlər həlledici olaraq qalır", - deyə Ə. Qoşalı vurğulayıb.

Yazar qeyd edib ki, Paşinyanın Bakıya gəlməyə hazır olduğunu deməsi bölgədə siyasi normallaşma prosesinin önəmli simvolik göstəricisi kimi qiymətləndirilə bilər. Əgər belə bir səfər gerçəkləşərsə, bu, qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanğıcı, Güney Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq mühitinin formalaşması istiqamətində önəmli diplomatik addım kimi tarixə düşə bilər. Bu baxımdan, səfərin mümkünlüyünün özü belə artıq siyasi ismarıcdır: erməni hökuməti savaşdan sonrakı dönəmin gerçəklikləri içində dialoqun alternativsiz olduğunu qəbul etməyə başlayıb.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31