Kiyev geri çəkilmir, Moskva əlavə ərazilər tələb edir: ABŞ-nin təzyiq rıçaqları işə yarayacaqmı? – ÖZƏL
14:19 SiyasətABŞ Prezidenti Donald Tramp İranla bağlı proseslər başa çatdıqdan sonra diqqətini Ukrayna müharibəsinə yönəldəcəyini bildirib. O, həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə danışdığını və münaqişənin həlli üçün müəyyən imkanların olduğunu vurğulayıb.
Donald Trampın İranla bağlı məsələlərdən sonra diqqətini Ukrayna müharibəsinə yönəldəcəyini deməsi nə dərəcədə real və ümidverici görünür? ABŞ bu prosesdə vəziyyəti dəyişdirə biləcək gücə malikdirmi?
"İranla bağlı məsələdən əvvəl də Amerika Birləşmiş Ştatları Ukrayna məsələsinə xüsusi diqqət ayırıb. Bu istiqamətdə dəfələrlə müxtəlif səviyyələrdə görüşlər keçirilib. Hətta Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi ehtimalı müzakirə olunub. Eyni zamanda Ağ Evdə, Oval Ofisdə Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşlərin keçirilməsi məsələsi də gündəmdə olub. Bundan başqa, hər iki tərəflə ABŞ nümayəndə heyətlərinin çoxsaylı təmasları baş tutub. Lakin bütün bunlara baxmayaraq, indiyədək real nəticə əldə olunmayıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, tərəflərin bu məsələdə prinsipial mövqeləri və tələbləri bir-birindən kəskin şəkildə fərqlənir. Ukraynanın konkret tələbləri var. Kiyev hesab edir ki, Rusiya işğal etdiyi bütün ərazilərdən geri çəkilməli, Ukraynaya vurduğu zərərin əvəzini ödəməli və ölkəyə etibarlı təhlükəsizlik zəmanətləri verilməlidir. Rusiya isə əksinə, nəinki işğal etdiyi ərazilərdən geri çəkilməyi müzakirə edir, hətta əlavə tələblər irəli sürür. Moskva Donbas bölgəsinin tamamilə Ukrayna tərəfindən boşaldılmasını və Rusiyanın nəzarətinə verilməsini tələb edir. Bununla yanaşı, Rusiya hazırda nəzarət etdiyi ərazilərin beynəlxalq ictimaiyyət tərəfindən Rusiyanın qanuni ərazisi kimi tanınmasını istəyir. Eyni zamanda Ukraynanın Qərb siyasi və hərbi strukturlarına, xüsusilə də NATO-ya inteqrasiya perspektivinə qarşı çıxır. Bu səbəbdən tərəflərin mövqeləri arasında olduqca ciddi fərqlər mövcuddur və onlar faktiki olaraq bir-biri ilə barışmaz mövqe nümayiş etdirirlər. Məhz buna görə də Ukrayna məsələsi İran məsələsindən daha mürəkkəb, daha çətin və daha gərgin bir problem kimi qiymətləndirilə bilər.
Ekspertin fikrincə, növbəti mərhələdə ABŞ müəyyən təzyiq alətlərindən istifadə etməyə cəhd göstərə bilər. Yenidən Rusiyaya qarşı müxtəlif sanksiyaların tətbiqi, xüsusilə enerji sektoruna yönəlmiş daha sərt məhdudiyyətlərin gündəmə gətirilməsi və digər təzyiq mexanizmlərinin işə salınması mümkündür. Lakin hesab etmirəm ki, bütün bunlar yaxın perspektivdə hansısa ciddi və real nəticəyə gətirib çıxarsın. İran məsələsinin müəyyən mərhələdə arxa plana keçməsindən sonra Donald Tramp administrasiyasının diqqətinin yenidən Ukrayna məsələsinə yönələcəyi gözlənilir. ABŞ beynəlxalq siyasətdə daha fəal rol almağa çalışacaq və bu prosesdə müxtəlif təzyiq vasitələrindən istifadə etməyə davam edəcək. Lakin bu siyasətin ardıcıl və sabit xətt üzrə inkişaf edəcəyini söyləmək çətindir. Daha çox ziqzaqvari siyasətin şahidi ola bilərik. Müəyyən dövrlərdə Vaşinqton Ukraynaya təzyiq göstərməyə çalışa, digər dövrlərdə isə Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirə bilər. Yəni ABŞ vəziyyətdən və geosiyasi şəraitdən asılı olaraq tərəflərə münasibətdə fərqli təzyiq mexanizmlərindən istifadə etməyə çalışacaq. Ancaq mövcud reallıq göstərir ki, tərəflərin mövqeləri bu qədər uzaq olduğu şəraitdə yaxın zamanda fundamental razılaşmanın əldə olunması olduqca çətin görünür.
Səidə Ramazanova