AXCP Müsavatla yollarını ayırır
9 Dekabr 2013 15:57 SiyasətMüsavatla AXCP arasında əsəb müharibəsi davam edir. Görünən odur ki, hər zamanki kimi radikal qanad qalib gəlməkdədir. Müsavat zorla cəlb edildiyi Milli Şuradan çıxmaq niyyətində idi. Amma Müsavat başqanı İsa Qəmbərin seçki sirrlərini açması, Cəmil Həsənlinin az səs topladığını etiraf etməsi radikal düşərgədə qəzəblə qarşılanıb. AXCP "İsa Qəmbərin xətasını" bağışlamaq niyyətində deyil. Hazırda Əli Kərimlinin partiyası "qəti döyüşə atılmaq" ərəfəsindədir. AXCP sədrinin "Milli Şura formatı qalmalıdır" başlıqlı yazısı, ardınca onun müavini Fuad Qəhrəmanlının "Müsavatla müttəfiqliyin yeganə yol Milli Şuradır" açıqlaması artıq AXCP-nin Müsavatla şərt dilində danışdığını göstərir. Bir müddət öncə Rüstəm İbrahimbəyovun "Müsavat gedirsə-getsin" açıqlaması da böyük ehtimalla, AXCP-nin sifarişi ilə verilmişdi.
AXCP sədrinin müavini Fua Qəhrəmanlı məsələni daha kəsə qoyub. AXCP-nin siyasi kursunun müəyyənləşməsində böyük rolu olan Qəhrəmanlının açıqlamasına sıradan bir açıqlama kimi baxmaq doğru deyil. Sədr müavini deyib ki, AXCP-nin Milli Şuradan kənar müttəfiqliyi mümkün deyil. Bu fikir Müsavatın bir müddət öncə yaydığı "Müsavatdan kənar birlik yaranır" informasiyasına cavabdır. Qəhrəmanlının açıqlaması daha çox ultimatum xarakteri daşıyır. Bu qısa açıqlamada AXCP yetkilisi çox mətləblərə toxunur, partiyasının İctimai Palata modeli ilə də üzülüşəcəyinə işarə vurur. "AXCP üçün önəmli odur ki, Milli Şura daxilindəki şəxslərlə başlanmış proses davam etsin. Müsavat Milli Şura ilə yola davam etməzsə, bunu onların öz seçimi hesab edəcəyik". Açkar görünür ki, AXCP artıq Müsavatın gedişini qəbul edib. Milli Şuranı hazırkı hakimiyyətə real alternativ hesab edən Qəhrəmanlı İP formatının uğursuzluğa düçar olduğunu dolayısı ilə qeyd edir.
Müsavatla müttəfiqliyin yalnız bir halda-Milli Şura daxilində baş tuta biləcəyini deyən AXCP yetkilisi Müsavat başqa əl yeri qoymur. Onun açıqlaması AXCP-nin rəsmi mövqeyi sayıla bilər. Məlum olur ki, AXCP-də formalaşmış qəti mövqe budur ki, Müsavatla yollar ayrılmalıdır. Yeri gəlmişkən, Milli Şuranın qiymət artımına etiraz aksiyası da Müsavatın ideyasının daha tez həyata keçirilməsidir. Müsavat 2006-cı ildəki kimi "Azadlıq" blokundan (indiki halda Milli Şuradan) çıxmaq və mitinq élan etmək istəyirdi. Lakin AXCP onu qabaqladı. Hazırda Müsavat istəsə belə mitinq ərəfəsində Milli Şuradan çıxa bilməz. Amma ilin sonuna qədər Müsavat Milli Şuranı tərk edəcək. Bununla da Müsavatla AXCP-nin müttəfiqlik münasibətləri pozulacaq. AXCP Milli Şuraya yeni partiyalar cəlb edəcək (ALP-nin yenidən Şuraya qayıtması mümkündür), Müsavat isə yeni siyasi birlik yaratmaq haqqında düşünəcək. Bu birlik keçmiş "Bizim Azərbaycan" blokunun cırtdan partiyaları ilə yaradıla bilər. Başqa bir variant İctimai Palatanın bazasında yeni qurumun yaradılması ola bilər.
Ərhun Abbas