AXCP-Müsavat gərginliyi liderlər müstəvisinə keçir - SİYASİ ANALİZ

Əlaqələr qırılma həddinə çatır

Müsavat Partiyasının başqanı İsa Qəmbər "Azadlıq" radiosunda yayımlanan "İşdən sonra" proqramında bildirib ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli prezident seçkisində 200 minə yaxın səs toplayıb. C.Həsənli isə Müsavat başqanının dedikləri ilə razılaşmır. Sabiq namizəd deyir ki, prezident seçkisində 200 min civarında səs almağımla bağlı deyilənlər həqiqətə uyğun deyil. Cəmil Həsənli iddia edir ki, daha çox səs toplayıb. Lakin iddiaların irəli sürülməsindən az vaxt keçməmiş İsa Qəmbər C.Həsənli və AXCP-nin bütün iç-üzünü açdı. Başqan dolayı yollarla iddiaların həqiqəti əks etdirmədiyini dedi. Əslində İsa Qəmbərin AXCP-a yaxınlığı ilə seçilən professora qarşı çıxmasının kökündə Müsavat və Xalq Cəbhəsi arasındakı köhnə ədavət dayanır. Çünki AXCP sədri Əli Kərimli Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmamasından sonra İsa Qəmbərin eyni posta əyləşdirilməsi işinə pər vurdu. Xalq Cəbhəsinin keçmiş üzvü Cəmil Həsənlini müxtəlif yollarla Milli Şuranın vahid namizədi elədi. İctimai Palatanın da seçkiyə İsa Qəmbərin namizədliyilə gedə bilməməsinin arxasında cəbhəçilər dayanır. Hələ Milli Şura yaranmamışdan qabaq mətbuatda İP-in seçkiyə başqanın namizədliyilə gedəcəyi barədə məlumatlar yayılırdı. Müxalifətyönlü siyasi analitiklər başqanın bu posta daha layiqli namizəd olduğunu qeyd edirdilər. İsa Qəmbərin Əli Kərimlilə müqayisədə artan nüfuzu cəbhəçiləri müsavatçılara qarşı təbliğata sövq etdi. Nəhayətdə isə başqanın seçkiyə getməsinə əngəl ola bildilər. 2003-cü ildə keçirilən prezident seçkisində də AXCP Müsavatın namizədini dəstəkləmədi. Azərbaycanda keçirilən bütün seçkilərə az qalmış AXCP funksionerləri rayon və Bakı daxilində gizli şəkildə başqana qarşı "qara piar" kampaniyası aparıblar. AXCP-ın Müsavata qarşı gizli fəaliyyəti İsa Qəmbər və ətrafına məlum olduğu üçün, fürsət düşən kimi müxtəlif vasitələrlə Əli Kərimlini "vururlar". Hətta prezident seçkisinin nəticələri MSK tərəfindən açıqlanandan sonra məsələ ilə əlaqədar Milli Şuranın keçirilən ilk sessiyasında İsa Qəmbərin Cəmil Həsənliyə ironik müraciəti də sosial şəbəkələr və mətbuatda geniş müzakirə mövzusu oldu. İsa Qəmbər Milli Şuranın vahid namizədinə xitabən "Sizi təbrik edirəm, cənab prezident" dedi. Həmin məşhur müraciətin üstündən 2 aya yaxın müddət keçməmiş, Müsavat başqanının əslində seçkidə C.Həsənlinin qalib gəlmədiyini açıqlaması onun bundan əvvəl MŞ-ın vahid namizədinə ironik olaraq "prezident" qiyafəsi geyindirməsini sübut elədi. İsa Qəmbər ümumiyyətlə AXCP əleyhinə ya az hallarda açıqlamalar verir, ya da ki vermir. "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında gərginliyin yaşandığı bir vaxt, İsa Qəmbərin Əli Kərimlinin adamı kimi tanınan C.Həsənliyə qarşı çıxması gərginliyin təkcə partiyaların mətbu orqanları arasında yox, AXCP və Müsavat arasında da "soyuq müharibə"nin getməsini təzahürüdür. Artıq gərginliyin partiya liderlərinin münasibətlərinə siraət etməsi, müxalif qurumlar arasında gərginliyin açıq müstəviyə oturmasına dəlalət edir. Ənənəvi ədavətin nəticəsidir ki, bu gün Əli Kərimli və İsa Qəmbər istənilən məsələdə ortaq məxrəcə gələ bilmirlər. Partiyaların ətrafında qarşı tərəfə qərəzli fikirlərilə seçilən fəal və funksionerlərin cəm olmasını nəzərə alsaq, 1993-cü ildən başlayan ədavət 2018 ci ildə də davam edəcək.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00