Milli Şuranın fəaliyyəti uzunmüddətli olmayacaq
Yaxın vaxtlarda qurumdan kütləvi istefalar gözlənilir
9 Dekabr 2013 15:39 SiyasətSon günlər Milli Şurada gərginlik özünün pik nöqtəsinə çatıb. Qurumun sədri Rüstəm İbrahimbəyovun müsavatçıların təkidi ilə tutduğu postdan zorla uzaqlaşdırılması və Milli Şuranın fəxri sədri seçilməsi, şuranın sonuncu sessiyasında yaşanan gərginlik və müsavatçı gənclərin iclasda dava salması Milli Şuranın mahiyyətini tam ortaya qoymuş oldu. Düzdür, orada təmsil olunan partiyalar üzdə heç bir problemin olmadığı görüntüsü yaratsalar da, lakin reallıq ondan ibarətdir ki, hazırkı situasiyada Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında Milli Şurada rəhbərliyi ələ keçirmək uğrunda açıq savaş gedir. İndiki mərhələdə bu mübarizədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının qalib ayrılması və sabiq cəbhəçi Cəmil Həsənlinin sədr, Rüstəm İbrahimbəyovun isə fəxri sədr seçilməsi Müsavatın Milli Şuranı tərk etməsi məsələsini gündəmə gətirib. Bu arada kinorejissor Rüstəm İbrahimbəyov Müsavat Partiyasının Milli Şuradan çıxma məsələsinə ironiya ilə yanaşaraq bunları deyib: "Hesab etmirəm ki, Müsavatın getməsi Milli Şuranın fəaliyyətini zəiflədəcək, yaxud ciddi təsir göstərəcək". Bəs görəsən digər siyasilər Milli Şurada baş verənlər barədə nə düşünür və son proseslər adı çəkilən qurumun tamamilə iflasına gətirib çıxarmayacaq ki?.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Milli Şurada baş verən son proseslər və həmin qurumda yaşayan gərginlik barədə bunları deyib: "Müsavatçılar Rüstəm İbrahimbəyovu Milli Şuradan uzaqlaşdırmaq istəyirdilər. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dəstəyi ilə Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri seçildi. Hesab edirəm ki, belə bir gedişlə Əli Kərimli İsa Qəmbərə qalib gəldi. Bundan sonra müsavatçıların bu qurumu tərk etməsi gözlənilir". Niyaməddin Orduxanlı deyir ki, prezident seçkilərindən sonra Milli Şurada ancaq qarşılıqlı ittihamlar hökm sürür ki, bu da dava-dalaşa gətirib çıxarır. Milli Şuranın sonuncu iclası da bu cür qarşıduramalarla müşahidə olundu. Ona görə də düşünürəm ki, belə bir təşkilatın fəaliyyəti uzunmüddətli ola bilməz. Buna görə də, xeyli sayda adamlar istefa verib. Bu günlərdə eks-spiker Rəsul Quliyevin də Milli Şuradan istefası qəbul edilib. Bundan başqa Rüstəm İbrahimbəyovun qurumda "fəxri sədr" seçiləcəyi təqdirdə İsa Qəmbər də qurumu tərk edəcəyini bildirib". BAXCP rəsmisi Müsavat Partiyasının başqanı İsa Qəmbərin MŞ sədri barədə indiki məqamda söylədiyi fikirlərinin də arxasında müəyyən maraqların durduğunu və onun qeyri-səmimi mövqe nümayiş etdirdiyini söyləyib: "Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, Rusiya vətəndaşı olan, bu ölkənin müəyyən qaranlıq dairələrindən asılılığı olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Onda ortaya maraqlı bir sual çıxır. İndi bu fikirləri söyləyənlər hansı səbəbdən Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi irəli sürmüşdülər?: O zaman biz bütün bunları deyəndə, bizləri topa-tüfəngə tuturdular. Maraqlıdır ki, İsa Qəmbər vaxtı ilə Əbülfəz Elçibəyin vahid namizəd olmağına razılıq vermədi, ancaq Rusiyanın qaranlıq qüvvələrinin adamı olan İbrahimbəyova "yaşıl işıq" yandırdı. Əgər bir təşkilatın daxilindəki 100 nəfərlə adi bir seçki keçirilə bilinmirsə və bu seçki 2 dəfə qalmaqala səbəb olursa, deməli həmin təşkilatın daxilində heç bir demokratik ənənədən söhbət gedə bilməz. Belə hadisələr onların bir daha iç üzlərini göstərir. Digər tərəfdən isə İsa Qəmbər 3 ilə yaxındır ki, qurultayın vaxtı keçdiyi halda nizamnaməyə əməl etmir və partiyanın qurultayı keçirilmir". Niyaməddin Orduxanlının sözlərinə görə, bununla da Milli Şura və orada təmsil olunan radikal müxalifət iflasının son nöqtəsini qoydu: "Rüstəm İbrahimbəyov Rusiyanın bəzi dairələri tərəfindən radikal müxalifətin daxilinə salınaraq guya Azərbaycana təzyiq edəcəkdi". BAXCP rəsmisi yaxın günlərdə Milli Şurada kütləvi halda istefların olacağını da mümkün sayır: "Milli Şuranın bu vaxta qədər buraxdığı səhvlərini başa düşən "NİDA"çıların da istefasına heç kim təəccüblənməz. Onlara qədər Milli Şuradan xeyli sayda adam istefa verib. Əgər bu gün Şuranın yaradıcısı olan Rüstəm İbrahimbəyov istefa verirsə, o qurumda qalmağın heç mənası da yoxdur. Fikrimcə, özünə hörmət edən şəxs iflasa uğrayan qurumda qalmaz". Bu arada Milli Şuranın ölkədə yanacağın qiymətinin artmasına qarşı gələn həftə etiraz aksiyası keçirəcəyi barədə xəbərələr yayılıb. Bu məsələyə də toxunan Niyaməddin Orduxanlı deyib ki, ölkədə fəaliyyət göstərən istənilən təşkilatın və partiyanın mitinq, piket keçirmək hüququ var: "Özünü "Milli Şura" adlandıran qurumun mitinq keçirməsinin isə cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Bu qurum ancaq daxili intriqa ilə məşğuldur. İndiki vəziyyətdə Milli Şura daxilində münasibətlər təhqir səviyyəsinə çatıb. Belə bir vəziyyətdə hansı mitinqdən söhbət gedə bilər? Həmin mitinqə onların tərəfdar toplaya biləcəkləri inandırıcı deyil. Yaxşı olar ki, əvvəlcə münasibətlərini normal vəziyyətə gətirsinlər, daha sonra mitinq keçirmək barədə düşünsünlər".
Süleyman İsmayılbəyli