“Qərb İranı diqqətlə izləyir” - MÜSAHİBƏ

Fikrət Sadıqov: “Bu sazişə imza atanlar həm İran, həm Qərb öz faydasını götürdü”

"Əslində reallıq bundan ibarətdir ki, İran ABŞ-la imzalanan axırıncı sazişdən sonra müəyyən istiqamətlərdə götürdüyü öhdəliklərə əməl edir. Düzdür, bunu Qərb istəyən formatda etmir, amma eyni zamanda biz onu görürük ki, yeni seçilmiş İran prezidenti Qərbə daha meyllidir, daha mülayim siyasət aparmaq fikrindədir" bu sözləri "OLAYLAR"a açıqlamasında şərqşünas, politoloq Fikrət Sadıqov deyib.  Politoloq hesab edir ki, bununla bağlı müəyyən güzəştlər olunacaq. Çünki Tehranın əsas məqsədi Qərbin sanksiyalarının qarşısını almaqdır. Fikrət Sadıqovun sözlərinə görə, İranın müəyyən iqtisadi problemləri əmələ gəlib, onlar neftin ixracı istiqamətində müəyyən çərinlikləri yaranır və bununla bağlı rəsmi Tehran Qərblə müansibətlərdə Şərq mövqeyindən yayınmaq fikrindədir. Lakin bu məqamda politoloq hesab edir ki, İran  tam şəkildə nüvə proqramından imtina etməyəcək. Çünki İranın nüvə proqramı nə qədər ki, gündəmdədir, onlar ondan imtina etməyəcəklər. Fikrət Sadıqov bildirib ki, uranın zənginləşməsi istiqamətində hansısa müsbət nəticələr baş versə o zaman düşünmək olar ki, bu saziş öz bəhrəsini verdi.

Qərbin tələbləri maksimaldır, Tehranın isə istəyi minimal səviyyədədir

Politoloqun sözlərinə görə, sözügedən məsələdə Qərb və İran ortaq məxrəcə gəlməsə, yenidən onların arasında qarşıdurma vəziyyəti yarana bilər. Ona görə ilkin nəticələr, ilkin addımlar göstərir ki, hələlik əldə olunan nəticələr mənfi deyil. Hər halda bunu Qərbdə diqqətlə izləyirlər. Bu yaxınlarda hətta ABŞ prezidenti Obama xəbərdarlıq da etdi ki, əgər İran tərəfi hansısa müddəaya əməl etməsə, hansısa maddəni həyata keçirməsələr sanksiyalar yenidən tətbiq olunacaq və onlar Tehranı buna məcbur edəcəklər.

Politoloq ona ünvanladığımız "ABŞ-la əldə olunan sazişdən sonra İranın uran siyasətində geri addım atmasını düşünmək olarmı?" sualına cavab verərkən bildirib ki, İranın uranla bağlı sazişin əldə olunmasında geriyə addımlar atdığını söyləmək çətindir. Bu fikir düzgün deyil.

Fikrət Sadıqovun sözlərinə görə, Tehran təbii ki manevrlər edir. Manevrlərin çərçivəsində müəyyən müsbət addımlar da var. Hər halda uranın zənginləşməsi prosesi müəyyən mənada dayandırılıb, lakin bu heç də o demək deyil ki, İran tam şəkildə bu sazişə əməl edib. Çünki hələ ki sazişdən az bir müddət keçib. Bunu geniş təhlil etmək və müsbət nəticə çıxarmaq hələ tezdir.

Bu Sazişin İran və Qərb üçün hansı faydaları oldu və gələcəkdə ola biləcək?

Fikrət Sadıqov deyib ki, bu sazişə imza atanlar həm İran, həm Qərb təbii ki öz faydasını götürdü və onların maraqlarına cavab verən maddələrə imza atıb: "Qərb təbii ki İranın nüvə silahından çox narahat idi. Ona görə ki, İran bir sıra terror təşkilatlarına dəstək verir. Bu da nüvə silahının yayılmasına və regionda gərginliyin artmasına səbə ola bilərdi və Qərb də bundan çox narahat idi. Digər tərəfdən isə iqtisadi çətinliklərlə, sansiyalarla üzləşən, bir sıra layihələrdən təcrid olunmuş  Tehran təbii ki çox istərdi ki, mülayimlik nümayiş etdirsin, sərt mövqeyindən geri çəkilsin. Onu da yaddan çıxartmaq olmaz ki, biz Qərb deyəndə əsasən ABŞ-ı nəzərdə tuturuq. Amma burada İsrail amili də var. İsrailin belə bir sazişin müsbət nəticəsinə heç bir inamı yoxdur və bəyan edir ki, İrana inanmaq lazım deyil və İrana qarşı sərt mövqe nümayiş etdirmək lazımdır".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00