Qərb İrana qarşı hərbi metoda əl ata bilər

Qabil Hüseynli: “İranın “Altılıq” ölkələrinin şərtlərini yerinə yetirəcəyi inandırıcı deyil”

İsrail prezidenti Şimon Peres ölkəsinin İranla düşmən olmadığını bildirib. Ş.Peres qeyd edib ki, İsrail İranla münasibətləri qaydasına salmaq üçün diplomatik masa arxasına oturmağa hazırdır. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, İsrail də Avropa İttifaqı və ABŞ kimi İranla münasibətlərini istiləşdirmək istəyir. Qərbin Cenevrədə İranla razılaşması İsraili də bu istiqamətdə düşünməyə vadar edir. Q.Hüseynli bildirib ki, İsrail digərilərindən fərqlənməmək üçün bu cür bəyanatlar səsləndirir və Tehranla dil tapmağa çalışır. İsrail bununla İrana qarşı düşmənçilik münasibətlərinə görə özünə hədəflənmiş qınaqlardan yayınmağa çalışır. Peres hökumətinin İran qarşısında diplomatik gediş etdiyini deyən Q.Hüseynli deyib ki, Təl-Əvivin İrana yönəlik addımları real işə çevrilməyəcək: "İran-İsrail münasibətlərinin nə vaxtsa normallaşmasını gözləmək sadəlövhlükdür. Çünki "Məhv olsun İsrail!" şüarı artıq İranın şüurunda daşlaşıb. Molla rejimi də bu daşlaşma qarşısında İsraillə münasibətləri qaydasına salmağa cəsarət edə bilməyəcək". ABŞ Senatının İrana qarşı tətbiq edilməsi planlaşdırılan yeni sanskiya layihəsinin gündəmə gətirməsi məsələsinə toxunan Qabil Hüseynli bildirib ki, 6 ay ərzində İran Qərb və ABŞ-ın qarşısına qoyduğu tələbləri yerinə yetirməsə bu ölkəyə çox ciddi sanksiyalar tətbiq ediləcək: "İranın müttəfiqlərin irəli sürdüyü şərtləri nə vaxtsa, yerinə yetirəcəyi inandırıcı deyil. İranla bağlı məsələyə yenidən qayıdılacaq. Çox güman ki, İran həmin vaxta kimi nüvə silahının əldə edilməsinə xeyli yaxınlaşacaq. Qərb aldanıldığını başa düşəcək və yəqin ki, İrana qarşı hərbi metodlara əl atacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00