Texnoloji tərəqqi sivilizasiyanın yüksəlişi ilə yanaşı, onun mənəvi süqutunu da qaçılmaz edəcək- ÖZƏL

"Müasir dünya tarixinin ən sürətli texnoloji transformasiya dövrünü yaşayır. Süni intellekt, rəqəmsallaşma, biotexnologiya, böyük məlumat sistemləri və avtomatlaşdırma artıq yalnız elmi yenilik deyil, qlobal siyasi, iqtisadi və mənəvi sistemləri kökündən dəyişdirən əsas qüvvəyə çevrilmişdir. Lakin bu intellektual zirvədə qarşılaşdığımız əsas sual budur: texnologiya insanlığı inkişaf etdirir, yoxsa insan tədricən texnologiyanın idarə etdiyi süni bir obyektə çevrilir?" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Bu gün bəşəriyyətin əsas problemi texnologiyanın sürətlə inkişaf etməsi deyil. Əsas fəlsəfi problem - texnoloji tərəqqinin insanın mənəvi, sosial və siyasi hazırlığını, onun etik dərketmə sürətini çox qabaqlamasıdır. Bir tərəfdən, süni intellekt istehsalı qlobal səviyyədə sürətləndirir. Rəqəmsal sistemlər gündəlik həyatı maksimum asanlaşdırır. Tibbi texnologiyalar insanın bioloji ömrünü uzadır. Qlobal kommunikasiya şəbəkələri coğrafi sərhədləri tamamilə aradan qaldırır.
Digər tərəfdən isə insan tədricən rəqəmsal nəzarətin və böyük verilənlərin (Big Data) obyektinə çevrilir. Şəxsi məlumatlar kapitalizm üçün yeni "strateji resurs" kimi istifadə olunur. Sosial media müstəqil düşünən cəmiyyət yox, alqoritmlərə anlıq reaksiya verən kütlə formalaşdırır, informasiya bolluğu dərindən oxuma və təfəkkür dərinliyini zəiflədir. Texnologiya insanı fiziki olaraq azad etməklə yanaşı, onu virtual alqoritmlərdən asılı vəziyyətə salır.
Bu gün artıq dünyanın böyük hissəsində insanlar azad iradə ilə qərar verməkdən daha çox, süni intellektin təqdim etdiyi ssenariləşdirilmiş seçimlər arasında hərəkət edirlər. İnsan davranışları izlənilir, yönləndirilir, marketinq subyektinə çevrilir və Fransız filosofu Jan Bodriyarın dediyi kimi, reallığın özünü itirdiyi bir "Simulyasiya əsri" formalaşır. Texnologiya həddindən artıq rahatlıq yaratdıqca, insanın daxili müqavimət, mənəvi immun qabiliyyəti zəifləyir.
Armin Qrunvaldın ən ciddi tənqidlərindən biri də budur ki, texnoloji inkişafın istiqamətini cəmiyyət və onun mənəvi dəyərləri yox, böyük texnoloji korporasiyalar müəyyən edir. Əgər texnologiyanın gələcəyini yalnız bazar prinsipləri, iqtisadi səmərəlilik və kəmiyyət göstəriciləri idarə edərsə, insan faktoru ikinci plana keçməyə məhkumdur.
Təəssüflə qeyd etmək istərdim ki,  kəmiyyət və rəqəm aludəçiliyi, bu gün elmin öz daxili idarəetmə mexanizmini də tamamilə zəhərləmişdir. Elm sosioloqu Ginqrasın qeyd etdiyi kimi bu gün akademik dünya "Bibliometrik Reduksionizm" və amansız bir "Hirş İndeksi Epidemiyası" ilə üz-üzədir. Bu epistemoloji böhranın mahiyyəti elmdə keyfiyyətin riyazi statistikaya qurban verilməsidir. Bu gün bir alim planetin taleyini dəyişdirəcək, elmdə paradiqma yaradacaq 3 fundamental məqalə yazsa və hər birinə 60 sanballı istinad alsa, onun {h}-indeksi cəmi 3 olur. Digər tərəfdən, heç bir elmi yeniliyi olmayan, ortabab, korporativ şəkildə bir-birinə istinad edən 10 məqalə ərsəyə gətirən və hər birinə cəmi 11 sitat toplayan bir şəxsin {h}-indeksi 10 olur. Mövcud bürokratik sistem ikinci tədqiqatçını "3 dəfə daha uğurlu" hesab edir, irəli çəkir və maliyyələşdirir. 
Elm idarəçilərinin sığındığı "Hər hansı bir rəqəm, heç bir rəqəmin olmamasından yaxşıdır" dogması, elmi yaradıcılığın mənəviyyatını və ali məqsədini sıradan çıxarır. Bu epidemiya bizim bu gün müzakirə etdiyimiz "Yaşıl Elm" ekosisteminə də sirayət edir: alimlər dünyanı real olaraq xilas edəcək tətbiqi ekoloji innovasiyalar tapmaq əvəzinə, rəqəmsal bazalarda reytinq xalları toplamaq yarışına daxil olurlar. Bizə virtual indeks balonları deyil, biosferin real xilası üçün fundamental keyfiyyət lazımdır.
Bu təhlükə cəmiyyətin hər bir qatında özünü büruzə verməkdədir: Avtomatlaşdırma milyonlarla insanın peşəsini və sosial gələcəyini risk altına qoyur. Süni intellekt insanın ən ali mənəvi sığınacağı olan yaradıcı sahələrə daxil olur. Rəqəmsal platformalar milli informasiya təhlükəsizliyinə və kulturoloji kimliyə birbaşa təsir edir. Kiberməkan dövlətlər arasında yeni geosiyasi qarşıdurma sahəsinə çevrilir. Gələcəyin ən böyük böhranı enerji və ya resurs böhranından daha çox, insanın öz ontoloji mahiyyətini və mənəvi kimliyini qorumaq böhranı olacaqdır. Nobel mükafatçısı Xose Saramaqonun dediyi kimi: "Mənə belə gəlir ki, müasirlərimizin qəlbinə yol tapmaq Mars planetini fəth etməkdən çətindir".
Çünki texnologiya inkişaf etdikcə müasir insan daha çox əlaqəli, lakin ruhən daha çox tənhalaşmış, daha çox məlumatlı, lakin daha az dərin düşünən, daha çox sürətli, amma daha az mənəvi dərinliyə sahib hala gəlir. Burada əsas məsələ texnologiyaya və elmi tərəqqiyə kor-koranə qarşı çıxmaq deyil. Əsl fəlsəfi problem - texnologiyanın vasitə olmaqdan çıxıb, mütləq bir məqsədə çevrilməsidir. Halbuki texnologiya yalnız ali hədəflərə xidmət edən bir alət, İnsan isə mərkəzdə dayanan ali subyekt olmalıdır. Məhz buna görə gələcəyin dünyasında, həm elmi idarəetmədə, həm də dövlətçilik arxitekturasında əsas çağırış: "insanı və onun mənəviyyatını qoruyan texnologiya modeli" yaratmaqdır.
Bu model etik məsuliyyətə, Türk-İslam təfəkküründə ilahi bir nizam kimi qəbul edilən mütləq sosial ədalətə, Milli kimliyə və təhlükəsizliyə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində vurğuladığı kimi, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması prinsipinə və əlbəttə ki, ekoloji davamlılığa əsaslanmalıdır. Əks halda dünya yüksək texnologiyalı, lakin rəqəmsal filtrlərlə bəzədilmiş, soyuq və mənəviyyatsız bir simulyasiya sisteminə çevriləcəkdir.
Bu gün bəşəriyyətin qarşısında duran əsas seçim texnologiyanın olub-olmaması məsələsi deyil. Əsas fəlsəfi seçim texnologiyanın kimə və nəyə xidmət edəcəyidir: insana və onun ali mənəviyyatına, yoxsa insan üzərində qurulan amansız rəqəmsal nəzarət mexanizminə? Əgər gələcəyin dünyasında insan ləyaqəti, milli kimlik, mənəviyyat və sosial məsuliyyət qorunmazsa, texnoloji tərəqqi sivilizasiyanın yüksəlişi ilə yanaşı, onun mənəvi süqutunu da qaçılmaz edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31