Paşinyanın taleyi və Simonyanın Bakı səfəri: Sülh prosesinin açarı seçkilərdədir- ÖZƏL
16:43 SiyasətErmənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, münasib şərait yaranacağı təqdirdə Azərbaycana səfər etməyə hazırdır. O, həmçinin qeyd edib ki, azərbaycanlı həmkarı onu Azərbaycanda keçirilən forumda iştiraka dəvət etsə də, seçkiqabağı kampaniya səbəbindən bu dəvəti qəbul etməyib. Simonyanın sözlərinə görə, siyasətçilər regionda sülhün bərqərar olması üçün məsuliyyət daşımalıdırlar.
Alen Simonyanın Azərbaycana səfərə hazır olduğunu bəyan etməsi Ermənistan-Azərbaycan münasibətlərində yumşalma siqnalı kimi qiymətləndirilə bilərmi? Bu cür qarşılıqlı səfərlər və siyasi dialoq təşəbbüsləri regionda sülh prosesinin irəliləməsinə nə dərəcədə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Simonyanın Azərbaycana səfəri istisna deyil ki, Ermənistanda parlament seçkilərinin keçirilməsindən sonra baş tuta bilər və vacibdir ki, bu seçkilərdə onun özunün də, təmsil olunduğu "Mülki müqavilə" partiyası seçicilərin mütləq əksəriyyətinin səslərini qazanaraq qalib gəlsin və höküməti formalaşdırmaq üçün parlamentdə qanunvericiliklə nəzərdə tutulmuş deputat mandatlarını əldə etsin.
Məlumdur ki, "Mülki müqavilə" partiyası hazırda baş nazir olan Paşinyanın rəhbərlik etdiyi iqtidar partiyasıdır və hökumət də, əsasən bu partiyanın təmsilçilərindən təşkil olunub, zira məhz "Mülki müqavilə" parlamentdə çoxluğun partiyasıdır.
Bəllidir ki, Paşinyanın "Real Ermənistan" layihəsinin uğuru Azərbaycanla münasibətlərdəki problemlərin nizamından əhəmiyyətli şəkildə asılıdır, zira rəsmi Bakı ilə münasibətləri nizamlamadan Paşinyan iqtidarının bölgə ilə bağlı layihələrdə iştirakı qeyri-mümkündür, məhz Azərbaycanla sülh müqaviləsinin son mətni ətrafında Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş razılaşmalardan sonra Ermənistan Orta dəhlizlə bağlı geosiyasi məzmun kəsb edən layihədə yer ala bilmişdir. Bundan əlavə Azərbaycanla razılaşma, yəni, yekun sülh müqaviləsinin imzalanması Türkiyə ilə münasibətlərin də nizama salınması üçün Ermənistana yaşıl işıq olacaq, bu isə Türkiyə ilə sərhədlərin açılması və Türkiyə üzərindən Avropa ilə ticari iqtisadi münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar vəd edir. Ermənistanın coğrafi durumu və hazırda Türkiyə ilə sərhədlərin bağlı qalması rəsmi İrəvanı loqistik problemlərin nizamı yollarını aramağı vadar edir.
Hazırda Azərbaycanla münasibətlərin unikallığı ondan ibarətdir ki, rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə Azərbaycan əvvəllər Ermənistanın işğal siyasəti ilə əlaqədar bağlı saxladığı yolları, nəqliyyat və kommunikasiya xətlərini açıb, dəmir yolları vasitəsilə Ermənistana daşınmalar həyata keçirilir. Azərbaycan tərəfinin bu jesti əslində tərəflər arasında münasibətlərdə güvən və etimadın artırılmasına hədəflənmiş siyasətdir və bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün yaxşı imkanlar vəd edir. Ermənistan bu münasibətlərin daha da genişlənməsi və inkişafında maraqlıdır. Lakin, bu münasibətlərin rentabelli perspektivliyi Paşinyan iqtidarından parlament seçkləri kimi səddi uğur və inamla adlamağı tələb edir. Ermənistanda isə seçkiqabağı durumun müstəqil sorğu mərkəzləri tərəfindən aparılan təhlil və araşdırmaları göstərir ki, bu ölkədəki parlament seçkilərinin nəticələri regionun perspektiv geosiyasi durumu ilə bağlı proseslərə təsirsiz ötüşməyəcəyindən seçkilərdə qarşı duran tərəflər əks qütblərdə yer alan geosiyasi güc mərkəzlərinin yanında yer alıblar. Parlament seçkilərində Paşinyana opponent olan siyasi partiyalar əsasən Rusiyayönümlü olub, rəsmi Moskvadan güclü siyasi dəstəyə malikdirlər. Lakin, bu siyasi dəstək Ermənistanın enerji təhlükəsizliyində, habelə, nəqliyyat problemlərinin nizamında geniş imkanlara, rola və çəkiyə malik Rusiya faktoruna da söykənir. Ermənistanın qazla təminatı əhəmiyyətli şəkildə Rusiyanın nəql etdiyi qazdan asılıdır. Bu tələbat ildə 2,7 mil.kub.m bərabərdir ki, bunun da 2,3 və ya 2,5 milyd.kub.m-i Ermənistan Rusiyanın Qazprom şirkətindən, güzəştli şərtlərlə, cəmi 177 dollar alır, Rusiya isə Ermənistanın birmənalı olaraq Qərbə üz tutacağı halda qazı ona Avropaya satdığı qiymətlərə yəni 670 dollara çatacağını bildirir. Qaz tariflərinin yüksəlməsi isə Ermənistana 400 milyon dollar başa gələ bilər. Doğrudur, Ermənistan İrandan da qaz alır, lakin bu ümumi tələbatın yalnız 15-17%-i təşkil edir və ildə 350-500 milyon kub.m keçmir. Qaz barter yolu ilə, yəni Ermənistanın İrana elektrik enerjisi ixracı hesabına əldə edilir. Ermənistan iqtisadiyyatının qazdan olan asılılığı konteksində məlumdur ki, bu Rusiyanın Paşinyan iqtidarına ciddi təsir vasitələrindən biridir. Bu təsirləri minumuma endirmək və gələcəkdə Azərbaycandan qaz istehlak etmək üçün Paşinyan Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Lakin, yekun sülh müqaviləsinin əldə olunmadığı bir şəraitdə bu addım tərəflər üçün siyasi riskdir , həm də, məlum istək infrastuktur layihələrin qısa zamanda həyata keçirilməsini və geniş invenstisiyalar tələb etdiyindən Ermənistanın yaxın perspektivdə enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində Rusiya asılılığından qurtulmaq imkanları qeyri-realdır, bu isə Rusiyalı iş adamı, milyarder və oliqarx Karapetyanın "Güclü Ermənistan" partiyasının da, seçkilərin birinci turunu adlaması üçün geniş imkanlar vəd edir. Bu mənada Simonyanın Azərbaycana gəlişi və gözlənilən dividentlər yalnız Paşinyan və tərəfdarlarının seçki sədlərini ugurla adlamasından əhəmiyyətli şəkildə asılıdır".
Zeynəb Mustafazadə