“Dünya Azərbaycanın tarixini olduğu kimi qəbul etmək məcburiyyətindədir”

Yaqub Mahmudov :”Şəxsən mənim ağzımı bağlamaq olmaz ki, sən Romanovların Qafqazı işğal etmək siyasətini tənqid etmə”

Dekabrın 6-da AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə beynəlxalq elmi konfransa start verib. "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda keçirilən konfrans Azərbaycanı iki yerə parçalamış Gülüstan müqaviləsinin 200 illiyinə  həsr edilib. Qeyd edək ki, konfransa 8 ölkədən 80-ə yaxın alim qatılıb. Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Şimali Qafqaz xalqalarının nümayəndələri, Cənubi Azərbaycan aliminin qatıldığı iki günlük konfransda tarixi həqiqətlər müzakirə olunacaq.

Tədbiri giriş sözü ilə Tarix İnstitutunun direktoru, millət vəkili, professor Yaqub Mahmudov açdı. Alim bildirdi ki, Qafqaz regionunun tarixi Rusiya, Türkiyə kimi ölkələrlə bağlı olub. Bu baxımdan da stereotiplərdən uzaq durulması və keçmiş tarixin doğru araşdırılması vacibdir: "Çar Rusiyası Cənubi Qafqazı işğal etmək istəyirdi. Osmanlı imperiyası da bu regionun əhalisinin onun tərkibində olmasını istəyirdi.  Osmanlının xarici siyasətində Azərbaycan məsələsi olub. Bu siyasətin mənfi və müsbət tərəflərini açıq qəbul etməliyik. Bu günlə o dövrü qarışdırmamalıyıq. Rusiya tarixçiləri, biz tarixə yenidən baxmalıyıq. Çar Rusiyası dövründə Qafqaza olan münasibəti bu gün yaşatmalıyıqmı? Bu münasibət bizə də Rusiyaya da lazım olmadığı üçün yaşatmamalıyıq. Bolşevik Rusiyası dövründə Qafqaza olan münasibəti də yaşatmamalıyıq. Bəs bizə hansı münasibət lazımdır? Bu gün bizim şimal qonşumuz var. Milyondan çox azərbaycanlı yaşayır orada. Çoxsaylı türk xalqları yaşayır. Rusiya ilə tariximizdə çox ümumi cəhətlər var. Bu günkü Rusiya nə çar, nə də bolşevik yox, demokratik Rusiyadır. Bu günkü Türkiyə cümhuriyyəti də osmanlı imperiyası deyil".

Cənubi Qafqazda Azərbaycan və Gürcüstan adlı müstəqil dövlətlərin mövcudluğunu önə çəkən tarixçi  Atatürkün yaratdığı və dünya miqyasında tanınan Türkiyə cümhuriyyətindən danışdı. Bildirdi ki, bu ərazilərdə müstəqil və demokratik dövlətlər olduğu üçün   keşmiş tarixə yenidən baxmağı bacarmalıyıq: "Əgər bu gün biz Azərbaycan xalqını qıran Şaumyandan danışır, onu tənqid ediriksə,  Rusiyada  buna təbii baxmalıdırlar. Çünki Şaumyanın başçılığı ilə Azərbaycan xalqı məhv edilib. Rusiya tarixçiləri bu məsələlərə yeni səpkidə baxmalıdırlar. Bu gün Azərbaycanın, şəxsən mənim ağzımı bağlamaq olmaz ki, sən Romanovların Qafqazı işğal etmək siyasətini tənqid etmə. Biz bunu tənqid etməyə məcburuq, çünki Azərbaycan işğal olunub və bölüşdürülüb. Rusiya Federasiyası ilə xüsusi dostluğumuzu hər zaman deyirik. Biz bir regionda yaşayırıq və tarixi qonşularıq. Öz aramızda dil tapmalıyıq, amma bunun üçün də tarix düzgün araşdırılmalıdır. Tarixdə ziddiyyət yaratsaq, bir-birimizə pis baxsaq dostluq yaratmaq olmaz. Azərbaycan  Gülüstan müqaviləsini tənqid edəndə Rusiyada desələr ki, Yaqub Mahmudov düşməndir, o zaman biz irəli gedə bilmərik. Ona görə də əl-ələ verməklə regionun tarixini düzgün araşdırmalı və olmuş səhvlərdən uzaqlaşmalıyıq".  

19-cu əsrdə Qafqazda baş verən müharibələrin nəticələrindən, burada yaşayan xalqların istəyinin nəzərə alınmadan torpaqlarının işğal olunmasından, Gülüstan müqaviləsi nəticəsində Azərbaycan torpaqlarının parçalanmasından, Azərbaycan ərazisinə yeni bir etnosun-ermənilərin yerləşdirilməsindən geniş söhbət açan Y.Mahmudov dünyanın tarixi olduğu kimi qəbul etmək məcburiyyətində olduğunu vurğuladı. Konfransın davamında Türkiyə Cümhuriyyəti  Atatürk Araşdırma Mərkəzinin sədr müavini prof.dr. Nihat Böyükbaş, Türkiyə Cümhuriyyəti Başbakanlık Arxivləri Baş müdür yardımçısı Mustafa Budak və başqaları danışdılar. Daha sonra isə mövzuya həsr olunan məruzələr başladı.

Qeyd edək ki, konfrans dekabrın 7-də başa çatacaq. Rəsmi hissədən sonra qonaqlar üçün mədəni proqram, o cümlədən Qaladakı etnoqrafiya muzeyinə səyahət də nəzərdə tutulub.

Aygün    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00