GUAM Aİ ilə əməkdaşlığı dəstəkləyir
6 Dekabr 2013 16:30 SiyasətDekabrın 6-da Ukraynanın Kiyev şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilib. Bu barədə XİN-nin mətbuat xidmətindən "OLAYLAR"a məlumat verilib.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan Respublikasının xarici işlər naziri Maya Pancikidze, Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə naziri Nataliya Qerman, Ukrayna Respublikasının xarici işlər naziri Leonid Kojara və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak ediblər. İclas zamanı GUAM üzv dövlətləri arasında qarşılıqlı siyasi fəaliyyət və GUAM+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq haqqında fikirlər səsləndirilib. GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Məlumatda qeyd olunur ki, GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi haqda razılıq əldə olunub. Nazirlər GUAM üzv ölkələrinin Aİ ilə fəal əməkdaşlığını dəstəkləyiblər. Məlumat üçün bildirək ki, GUAM-da sədrlik Gürcüstan Respublikasından Moldova Respublikasına keçib.