Danışıqlar uzanır, Ermənistan mövqeyindən dönmür
6 Dekabr 2013 15:01 SiyasətDağlıq Qarabağın ermənilər tərəfindən işğalı və torpaq həsrəti 20 ildən artıq bir vaxtı əlimizdən aldı apardı. İtirdiyimiz 20 ildən artıq yurdsuz zamanımızı bir daha geri qaytara bilməyəcəyik. Bununla bərabər eyni zamanda 1 milyondan artıq soydaşımızın köçkün həyatı yaşamaları hələ də davam edir.
1991-ci ildən Azərbaycan öz müstəqilliyini elan etdiyi vaxtdan müstəqil dövlət kimi beynəlxalq təşkilatlara üzv kimi qəbul edilib. Dağlıq Qarabağ məsələsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan təmsil olunduğu beynəlxalq tribunalarda Dağlıq Qarabağ məsələsini xüsusi olaraq vurğulayır və dünya ictimaiyyətinin diqqətinə çatdırır. Etiraf edək ki, qloballaşan dünyada, informasiya mübarizənin genişləndiyi bir vaxtda yalnız son bir neçə ildə düşmənlərimizdən üstün ola bilmişik. Torpağımızı işğal edən riyakarlar öz saxta faktları ilə dünyanın diqqətini öz üzərlərinə çəkməyə çalışırlar. Etiraf edək ki, onlar bir çox hallarda buna nail olublar. Lakin son illərin uğurlu siyasəti, diplomatiyası ermənilərin yalan faktlarını ifşa etməyə nail olub.
XX əsrin ən böyük faciələrindən hesab olunan Xocalı soyqırımı 9 dövlətin - Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya-Herseqovina, Peru, İordaniya, Panama, Rumıniya parlamentləri tərəfindən tanınmış və dünyanın fövqəl dövləti statusunda olan ABŞ-ın 13 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikat ştatları tərəfindən hüquqi qiymət alıb.
Azərbaycanın uğurlu xarici siyasəti sayəsində dünyanın əksər dövlətləri Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunmasını dəstəkləyirlər.
Sülh prosesi adı altında vaxt aparan danışıqlar, görüşlər...
1988-ci ildə rusların havadarlığı ilə ermənilər tərəfindən torpaqlarımıza qarşı başladılan ərazi iddiaları və xalqın silahlanmış muzdlu erməni quldurları qarşısında silahsız qalması torpaqlarımızın 20%-nin itirilməsinə səbəb olub. 1988-1993-cü illərdə torpaqlarımız uğrunda aparılan müharibə torpaq itkisi ilə yanaşı bizə minlərlə ata, ana, bacı, qardaş itkisi yaşatdı. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs elan olundu. 1994-cü ildən etibarən rəsmi olaraq müharibəyə son qoyulsa da hər gün təmas xəttində ermənilər tərəfindən atəşkəsin dəfələrlə pozulduğu xəbərini eşidirik.
Bu günə qədər Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ probleminin nizama salınması istiqamətində 47 görüş keçirilib. Keçirilən görüşlərin heç birində problemin həllini sürətləndirəcək qərar qəbul edilməyib. Məlum olduğu kimi Ermənistan və Azərbaycan prezidentləri arasında sonuncu görüş noyabrın 19-da Vyana şəhərində baş tutub. Bu, təxminən iki illik fasilədən sonra prezidentlər arasında keçirilmiş ilk görüş idi. Bu görüşdən də əvvəl bir çox nikbin fikirlər səsləndirilsə də konkret bir nəticə hasil olmadı. İşğalçı Ermənistan tərəfi yenə öz qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək problemin həlli istiqamətində konkret addımlar atmaqdan çəkindi.
Dağlıq Qarabağ problemi ətrafında görüşlər, danışıqlar təkcə prezdentlər səviyyəsində keçirilən görüşlərlə məhdudlaşmır. Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri də dəfələrlə problemin həlli istiqamətində müxtəlif konteksdə görüşlər keçiriblər. Xarici işlər nazirləri səviyyəsində sonuncu görüş dekabrın 6-da Kiyevdə keçirilən ATƏT-in xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilib.
Görüşün nəticələri barədə mətbuata açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov nikbin fikirlər səsləndirib: "Azərbaycan və Ermənistan prezidentləri Vyanada baş tutan görüşlərindən sonra XİN rəhbərlərinə orada razılaşdırılmış bir neçə məqamlar əsasında danışıqları davam etdirilməsinə dair tapşırıqlar veriblər. Nalbəndyan ilə görüş əvvəlcə təkbətək formatda, daha sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Biz bu məqamların müzakirəsini onlarla da davam etdirdik. Və razılığa gəldik ki, Ermənistan XİN rəhbəri ölkəsinin prezidentini görüşün nəticələri və bizim mövqe barədə məlumatlandırsın. Mən də öz növbəmdə görüşün nəticələri və Ermənistanın mövqeyi barədə prezidenti məlumatlandıracam. Biz hələ dünən keçirilən danışıqlarda konkret məsələlərə toxunaraq onları müzakirə etdik. Deyə bilərəm ki, Kazanda keçirilmiş görüşdən sonra konkret məsələlər müzakirə olunmamışdı. Dünənki görüşdə isə biz konkret məsələlərə toxunduq. Onları mən hələlik açıqlaya bilmərəm". Xarici işlər naziri qeyd edib ki, onun erməni həmkarı Edvard Nalbəndyan ilə görüşü 4 saatdan çox davam edib. Görüş zamanı nazirlər həmçinin növbəti görüşün keçirilməsi barədə də razılığa gəliblər. Elmar Məmmədyarovun sözlərinə görə, növbəti görüş 2014-cü ilin yanvar ayına nəzərdə tutulub.
Dekabrın 6-da Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşün təfərrüatları barədə ətraflı məlumat verilməsə də bu görüşdə də Ermənistan tərəfinin öz qeyri-konstruktiv mövqeyindən əl çəkdiyini deyə bilmərik. Lakin xarici işlər nazirinin sözlərinə görə, bu görüş zamanı əvvəlkilərdən fərqli olaraq daha konkret məsələlərə toxunulub.
Danışıqlar prosesi mərhələsində keçirilən növbəti görüş və nəticə dəyişmədi. Danışıqlar prosesinin uzadılması işğalçı dövləti öz qeyri-konstruktiv mövqeyindən döndərməyib və bundan sonra da döndərə bilməyəcək. Zaman işğalçının xeyrinə işləyir. Danışıqlar davam edir, Ermənistan mövqeyindən dönmür.
Danışıqlara prosesinə vasitəçilik edən ATƏT barədə isə ümumiyyətlə danışmağa dəyməz. ATƏT-in həmsədr ölkələri 20 ildən artıqdır ki, problemin nizama salınmasına vasitəçilik etmələrinə baxmayaraq konkret bir mövqe nümayiş etdirməyiblər. Dəfələrlə vaxt uzatmaqdan başqa bir işə yaramayan səfərlər problemin həllinə heç bir töhfə vermir. ATƏT-in həmsədrlərinin regiona növbəti səfəri də dekabr ayının ortalarına nəzərdə tutulub. Səfərin əsas məqsədi kimi Ermənisatn və Azərbaycan prezidentləri arasında əldə olunmuş növbəti görüşə hazırlıq məqsədi daşıyır.
Bu vaxtdan sonra problemin həll olunması və torpaqlarımızın tamamilə son qarışınadək düşmən tapdaqlarından azad olunması yalnız öz öhdəmizdədir. Heç bir dövlət yaxud beynəlxalq təşkilat torpaqlarımızı son qarışınadək bizə qaytarılmasını təmin etməyəcək. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi Azərbaycan bir qarış torpağını belə heç bir dövlətə güzəştə getməyəcəkdir.
Bizim yalnız bir yolumuz var, güclənmək!!! Söhbət yalnız hərbi gücdən getmir. Hər tərəfli güclənməliyik ki, heç bir dövlət bizim qarşımıza çıxamağa cürət edə bilməsin!!!
Sevda Qurbanqızı