Azərbaycan mühüm beynəlxalq mərkəzə çevrilib- ÖZƏL
13:04 Siyasət"Ümumdünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi rekord göstəricilərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir". Olaylar xəbər verir ki , bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Həmin amillər isə ölkənin artan beynəlxalq nüfuzunun, təhlükəsiz və etibarlı tərəfdaş imicinin növbəti göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayıb. Bu xüsusiyyət ölkənin memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapır. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında mövcud olan harmonik vəhdət milli-mədəni irsin qorunması ilə modern urbanizasiya siyasətinin uğurlu sintezidir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi paytaxtın sürətli inkişafını və müasir şəhərsalma yanaşmasının uğurunu nümayiş etdirir.
Dövlətimizin başçısı çıxışında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasının əhəmiyyəti də qeyd edib. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa siyasətinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm önəm kəsb edir. Şəhərsalma siyasəti yalnız tikinti prosesi deyil, eyni zamanda, sosial rifahın təmin olunmasına xidmət edən kompleks inkişaf modelidir.
Prezident İlham Əliyev Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsindən də geniş bəhs edib. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc dünyanın ən qədim yaşayış məskənləridir. Xalqımız əsrlər boyu böyük memarlıq və şəhərsalma ənənələri formalaşdırıb. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər öncə yaradılmış mühəndis-kommunikasiya sistemi xalqımızın yüksək mədəni irsinin nümunələridir. Dövlətimizin başçısı qeyd edib ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq".