Azərbaycan qədim dövrlərdən bəri sivil şəhər mədəniyyətinin mərkəzi olub- ÖZƏL
11:56 Siyasət"Azərbaycan həm coğrafi mövqeyi, həm də çoxəsrlik mədəniyyəti ilə Şərqlə Qərbin tarixi kəsişmə nöqtəsi, fərqli sivilizasiyaların qovuşduğu unikal məkandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı xüsusi vurğuladığı bu özünəməxsusluq ölkəmizin memarlıq fəlsəfəsində və şəhərsalma ənənələrində də dərin izlər qoymuşdur. Paytaxt Bakının bugünkü siması keçmişlə gələcəyin, qədimliklə müasirliyin bir-biri ilə necə mükəmməl uzlaşdığının canlı sübutudur. YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhərin qədim divarları ilə XXI əsrin modern urbanizasiya layihələrinin eyni məkanda, harmonik şəkildə yanaşı mövcudluğu Azərbaycanın öz tarixi keçmişinə bəslədiyi yüksək ehtiramın və milli memarlıq irsinə məsuliyyətli yanaşmasının bariz təzahürüdür. Bu uğurlu və strateji şəhərsalma siyasətinin ən parlaq simvollarından biri də Bakı Bulvarıdır. Vaxtilə cəmi 3 kilometrlik məsafəni əhatə edən bu tarixi dənizkənarı park, indi aparılan genişmiqyaslı yenidənqurma işləri sayəsində 15 kilometrdən artıq möhtəşəm bir rekreasiya zonasına çevrilərək paytaxtın müasir inkişaf dinamikasını əks etdirir.
Qədim Azərbaycan memarlığının ən üstün cəhətlərindən biri onun yalnız estetik gözəlliyi ilə deyil, həm də yüksək funksionallığı və mühəndislik dəqiqliyi ilə seçilməsidir. Bu baxımdan Lahıc kəndinin timsalında əcdadlarımızın yaratdığı şəhərsalma mədəniyyəti heyrətamizdir. On beş əsr bundan əvvəl mürəkkəb dağlıq relyefdə qurulmuş və bu gün də tam işlək vəziyyətdə olan qədim kanalizasiya və su təchizatı sistemləri xalqımızın hələ yüzilliklər öncə malik olduğu uzaqgörən texniki təfəkkürün və mühəndislik dühasının nadir nümunəsidir. Bu tarixi faktlar bir daha təsdiq edir ki, Azərbaycan torpağı qədim dövrlərdən bəri sivil şəhər mühitinin, infrastruktur mədəniyyətinin və qabaqcıl memarlıq məktəblərinin mərkəzi olmuşdur".