Dünya üzrə dörd milyondan çox insan gecəqondularda yaşayır - Anaklaudia Rossbax

Mən Braziliyada gecəqonduda yaşamışam. Həyatımın bir dövrünü bu istiqamətdə problemlərin həllinə həsr etmişəm.

Trend xəbər verir ki, bunu bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Afrikada, Cənubi Asiyada isə milyonlarla insan bu problemlə üz-üzədir:

"Hazırda dünyada çox sayda insan gecəqondu problemindən əziyyət çəkir. Onların ən əsas ehtiyacları - tualet, işıq, qaz kimi xidmətləri yoxdur. İnsanlar geyim və iş yeri tapmaqda çətinlik çəkirlər. Bütün bunlar ciddi sosial problemlər yaradır.

Qeyri-rəsmi yaşayış məntəqələri ilə sağlamlıq problemləri birbaşa əlaqəlidir. İqlim dəyişikliyi və gecəqondular bir-biri ilə sıx bağlı məsələlərdir. Dünya üzrə dörd milyondan çox insan gecəqondularda yaşayır. Hazırkı vəziyyət kritikdir. Buna görə də çalışmalıyıq ki, gecəqonduların sayının azalmasına nail olaq. Təkcə dövlət siyasəti kifayət etmir. Bunun üçün inteqrasiya olunmuş, kompleks bir çərçivə formalaşdırılmalıdır. Artıq Azərbaycan Somaliyə bu istiqamətdə dəstək verir. Sonalideki gecəqonduların yaşayıs məntəqələrinə çevrilməsi üçün işlər görür", - o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31