Mənzil bəşəriyyətin gələcəyi üçün əsas çağırışa çevrilir - Somali səfiri
16:43 SiyasətMənzil məsələsi bəşəriyyətin gələcəyi üçün əsas çağırışa çevrilir.
Trend xəbər verir ki, bunu Somalinin Keniyadakı səfiri Cəbril İbrahim Abdul Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş tutan "Mənzil - qlobal koalisiyaların mərkəzində" adlı sessiyada deyib.
Onun sözlərinə görə, dünya üzrə şəhərlər sürətlə genişlənir, sistemlər isə bu templə ayaqlaşa bilmir və milyonlarla ailə yalnız mənzilə deyil, həm də təhlükəsizlik və imkanlara ehtiyac duyur.
O vurğulayıb ki, müasir şəhərlərin əsas problemləri arasında sürətli urbanizasiya, əhalinin yerdəyişməsi, infrastruktur çatışmazlığı, iqlimə qarşı həssaslıq və artan bərabərsizlik yer alır.
"Beynəlxalq əməkdaşlıq mənzil təminatı sistemlərinin və dayanıqlı şəhər inkişafının gücləndirilməsi üçün zəruri olaraq qalır. Böhranlardan sonra bərpa olunan ölkələrdə mənzil xüsusi əhəmiyyət daşıyır, çünki o, bərpaya, sosial mobilliyə, iqtisadi inteqrasiyaya və sülh quruculuğuna töhfə verir", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.