Reallığı Azərbaycan formalaşdırdı: İrəvan niyə birbaşa dialoqa üstünlük verir? ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər hansı "qarant" və ya vasitəçi instituta ehtiyac yoxdur. O, seçkiqabağı çıxışı zamanı ikitərəfli danışıqlara üstünlük verdiklərini vurğulayıb.
AMİP funksioneri Əli Orucov isə qeyd edib ki, uzun illər davam edən nəticəsiz danışıqların əsas səbəbi vasitəçilərin tərəfsiz olmaması və geosiyasi maraqları olub. Onun fikrincə, hazırkı ikitərəfli format daha effektivdir və Paşinyanın hakimiyyətdə qalması bu kursun davam etməsi deməkdir.
Paşinyanın vasitəçilərsiz danışıqlara üstünlük verməsi regionda uzunmüddətli sülh üçün real zəmin yarada bilərmi?Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər? Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Paşinyanın bu mövqeyi əslində mövcud reallıqlarla üst-üstə düşür. Həqiqətən də Azərbaycan və Ermənistan arasında danışıqlarda əlavə vasitəçiyə və yaxud da qarant ölkəyə ehtiyac yoxdur. Prinsipcə, Vaşinqton görüşünə qədər və ondan sonrakı proseslərdə Amerika bu vəzifəni bir növ üstələdi, amma o da rəsmi qarant ölkə kimi deyildi.
Bu gün Azərbaycan və Ermənistan arasında iki ildir danışıqlar gedir. Rəsmi nümayəndələrin hətta qarşılıqlı səfərləri də başlayıb. Ölkə başçıları isə beynəlxalq tədbirlərdə bir araya gələ bilirlər. Hətta Azərbaycan xarici işlər nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri, eyni zamanda cənab Prezidentin Ermənistanda baş tutan tədbirə videoformatda qoşulması kimi hadisələr ümumilikdə müsbət qiymətləndirilə bilər və bu danışıqların gələcəyi baxımından da optimist düşünməyə əsas yaradır. Yəni, bu günə qədər,  30 illik danışıqlar prosesində biz nə ATƏT-in Minsk qrupunun, nə də digər vasitəçilərin hər hansı ciddi nəticə əldə etdiyini görmədik. Əksinə, proseslər müharibəyə gətirib çıxardı və regiondakı münaqişə müharibə yolu ilə həll edildi.
Amma müharibə ilə həll edilən bir məsələdən danışsaq da, hazırkı mərhələdə danışıqların daha konstruktiv vasitələrlə və qarşılıqlı etimad mühitində bərpası istiqamətində proseslərlə müşahidə edirik. Paralel delimitasiya prosesi də davam edir və bu da uğurlu bir prosesdir.
Yəni, belə bir reallıq şəraitində vasitəçilərə nə ehtiyac var? Paşinyan bu mövqeyində rəsmi Bakının da mövqeyini əks etdirir. Bu mənada tamamilə normal və obyektiv yanaşmadır.
Əlbəttə, real zəmini yaradan əslində Azərbaycanın formalaşdırdığı reallıqlardır. Rəsmi Bakı qalib ədası ilə yox, konstruktiv mövqedən çıxış etdiyi üçün İrəvan da buna daha müsbət cavab verir. Paşinyan da faktiki olaraq Bakının mövqeyini əks etdirən bəyanatlar verir. Belə olan təqdirdə danışıqların məntiqi yekununa çox yaxın olduğumuzu demək olar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31