Qlobal iqtisadiyyatın gələcəyi bu görüşlərdən asılıdır: G20-dən nə gözlənilir? – ÖZƏL

ABŞ 30-31 oktyabr tarixlərində Atlantada G20 xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. ABŞ Dövlət Departamentinin məlumatına görə, görüşdə beynəlxalq əməkdaşlıq, qlobal iqtisadi problemlər, açıq bazarlar və dayanıqlı təchizat zəncirləri müzakirə olunacaq. G20 sammiti isə 14-15 dekabrda Mayamidə keçiriləcək.

"Amerika Birləşmiş Ştatlarının G20 sammitinə əvvəlcə Xarici İşlər Nazirləri səviyyəsində keçirilən toplantıya, daha sonra isə zirvə görüşünə ev sahibliyi etməsi və bu tədbirlər çərçivəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə də qlobal iqtisadi problemlərin həlli, açıq bazarlar və dayanıqlı təchizat zəncirlərinin müzakirə olunması G20 formatında iştirak edən ölkələrin dünya miqyasında yerinin və rolunun son dərəcə əhəmiyyətli olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının iştirakçı ölkələrin müzakirəsinə təqdim etdiyi mövzuların hazırkı həssas dönəmin ən ciddi qlobal problemlərini əhatə etməsi də xüsusi diqqət çəkir. Birləşmiş Ştatlarının ev sahibi kimi məhz bu məsələlərə daha çox önəm verməsinin əsas səbəbi də həmin problemlərin aktuallığı ilə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, əgər bu problemlərlə bağlı G20 iştirakçıları arasında uzlaşma əldə olunarsa və problemlərin həlli istiqamətində birgə təşəbbüslərlə çıxış edilərsə, bu, qarşıdakı mərhələdə bütövlükdə dünyada qlobal iqtisadi problemlərin həlli, açıq bazarların qorunması və dayanıqlı təchizat zəncirlərinin təmin olunması baxımından mühüm və faydalı rol oynaya bilər. Əks halda, yəni bu istiqamətdə razılıqlar əldə olunmazsa, bu o deməkdir ki, problem həqiqətən də çox ciddidir və həmin ciddi problemlər növbəti mərhələdə yeni qlobal risklərin, təhlükələrin və təhdidlərin yaranmasına gətirib çıxaracaq. Bu isə hazırkı həssas dövr üçün daha böyük problemlərin anonsu kimi qəbul olunmalıdır.

"Düşünürəm ki, G20 ölkələri öz məsuliyyətlərini və vəzifələrini düzgün dərk edərək bu problemlərin həlli istiqamətində əməkdaşlıq edəcəklər. Əks təqdirdə qlobal təhlükələr qaçılmaz olacaq və bunun nəticələrini yalnız G20 üzvü olan ölkələr deyil, bütövlükdə bəşəriyyət ödəmək məcburiyyətində qalacaqdır", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31