Bakıdan verilən qlobal mesaj: Azərbaycan qurur, birləşdirir və təhlükəsizlik yaradır- ÖZƏL
15:31 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Euronews televiziyasına müsahibəsində bildirib ki, Bakıda keçirilən WUF13 forumu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Prezident qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri münaqişədən sonrakı yenidənqurma sahəsində nümunə ola bilər.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. O, yeni qaz yatağından hasilata başlanılacağını da açıqlayıb.
Prezident həmçinin Hörmüz böhranına toxunaraq bildirib ki, Azərbaycan enerji marşrutlarının şaxələndirilməsi sayəsində risklərdən qorunur və ölkə hər zaman diplomatiyanın tərəfdarıdır.
Prezidentin müsahibəsi hansı siyasi mesajları verir? WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna nə verir? Qarabağdakı "ağıllı şəhər" layihələri region üçün hansı model yarada bilər?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Azərbaycan Prezidenti İlham Əliyevin mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu -WUF13-ün sessiyasındakı çıxışı istər şəhərsalma, istər Azərbaycandakı qədim memarlıq, müasir şəhərsalma, ölkəmizdə bu istiqamətdə görülən işlər, tariximizdən irəli gələn məsələlər, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq və abadlıq işləri, yeni şəhər və kəndlərin baş planlarının hazırlanması, ətraf mühit sahəsində görülən işlərlə bağlı çox ətraflı və geniş fikirlər səsləndirildi.
Qeyd edək ki, cənab Prezidentin də dediyi kimi, şəhərsalma forumu rekord iştirakçı sayına nail olub. 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçının olması böyük göstəricidir. Bildirildi ki, COP29-dan sonra bu, Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir və forum çox uğurla başlayıb. Tədbirin uğurla yekunlaşacağına da inam var. Biz bu tədbir sayəsində Bakı şəhərinin qədim memarlıq nümunələri ilə müasir binalarını və digər şəhərsalma layihələrini qonaqlara əyani şəkildə göstərə, təqdim edə bilirik.
Bu il həm də Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunub və Azərbaycan bu prosesləri BMT-nin Məskunlaşma Proqramı ilə, BMT və aidiyyəti qurumlarla sıx şəkildə koordinasiya edir. Bunun nəticəsidir ki, artıq işğaldan azad olunmuş şəhərlərimizdə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdamda, Zəngilanda və digər ərazilərdə milli şəhərsalma forumları keçirilib.
Cənab Prezidentin çıxışındakı çox önəmli məqamlardan biri də Azərbaycanın qədim memarlığı ilə bağlı idi. Şirvanşahlar kompleksi, Şamaxı, Naxçıvandakı Möminə Xatun türbəsi, Gəncə və digər bölgələrdə yerləşən qədim tariximiz, mədəniyyətimiz və memarlıq abidələrimizin gündəmə gətirilməsi çox önəmli idi. Bu, Azərbaycan tarixinin, mədəniyyətinin və mədəni abidələrinin yüksək səviyyədə təqdimatı idi.
Azərbaycan təkcə torpaqlarını işğaldan azad etməklə kifayətlənmir, eyni zamanda ermənilər tərəfindən tamamilə dağıdılmış əraziləri də bərpa edir. Məsələn, Ağdam şəhəri Qafqazın Xirosiması adlandırılırdı. Ermənilər tərəfindən darmadağın edilmişdi. Amma biz bu gün artıq Ağdamı yenidən qurur, geniş quruculuq və abadlıq işləri aparırıq.
Azərbaycan ətraf mühit sahəsində də çox böyük işlər görür. Neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.
Şəhərsalmanın digər mühüm göstəricilərindən biri də istirahət məkanlarının yaradılmasıdır. Çoxsaylı parkların, ictimai yerlərin və bağların salınması da bu istiqamətdə görülən işlərin nümunəsidir.
Belə hesab edirəm ki, bu toplantı BMT-də Azərbaycanın dostları və ölkəmizə gələn qonaqlar üçün Azərbaycanı daha yaxından tanımaq, bir-birimizdən öyrənmək, şəhərsalma sahəsində təcrübələri və digər məsələləri müzakirə etmək baxımından çox önəmlidir. Eyni zamanda, gələcək perspektivdə daha yüksək səviyyəli layihələrin həyata keçirilməsi üçün də mühüm əhəmiyyət daşıyır".
Zeynəb Mustafazadə