Komitə sədri Xalq şairini təbrik edib
15:21 SiyasətMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Fazil Mustafa Vətəndaş Həmrəyli Partiyasının və Azərbaycan Dil Qurumunun qurucu-başqanı, Xalq şairi Sabir Rüstəmxanlıya 80 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda Xalq şairinin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:
"Sizi - çağdaş Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli simasını, istiqlal düşüncəsinin yorulmaz daşıyıcısı olan Xalq şairini - 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Sizin çoxşaxəli yaradıcılığınız və ictimai-siyasi fəaliyyətiniz Azərbaycan xalqının milli yaddaşının, azadlıq idealının, mənəvi bütövlüyünün və vətəndaş həmrəyliyinin qorunmasına önəmli töhfələr vermişdir. Poeziyanızda Vətən sevgisi, dilə bağlılıq, milli kimlik duyğusu və Türk dünyasının birliyi düşüncəsi yüksək bədii-estetik səviyyədə ifadəsini tapmış, müxtəlif nəsillərin mənəvi formalaşmasına təsir göstərmişdir.
Siz həm ədəbiyyat xadimi, həm də milli düşüncə adamı olaraq Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynamısınız. Özəlliklə dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə illərində, habelə Millət vəkili olaraq uzunmüddətli, səmərəli xidmət illərində nümayiş etdirdiyiniz prinsipial mövqe, milli mənafelərə sədaqət və vətəndaş məsuliyyəti Azərbaycan aydınının tarixi missiyasının parlaq örnəklərindəndir.
Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dili olaraq nüfuzunun yüksəldilməsi yönündə gördüyünüz işlər xüsusi təqdirə layiqdir. Dilimizin milli kimliyimizin əsas sütunlarından biri kimi qorunmasına yönəlmiş təşəbbüsləriniz milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından önəm daşıyır.
Sizin publisistik yazılarınız, romanlarınız, şeirləriniz və ictimai-siyasi məzmunlu çıxışlarınız Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının düşüncə dünyasında milli özünüdərk duyğusunun, həmrəyliyin güclənməsinə xidmət etmişdir. Türk dünyasının ortaq mənəvi bağlarının möhkəmləndirilməsi yönündəki fəaliyyətiniz də ayrı bir dəyər kəsb edir.
Milli-mənəvi dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş həmrəyliyi və milli dilimizin zənginləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Sizin kimi ünlü aydınların fəaliyyəti bu strateji xəttin mənəvi dayaqlarını gücləndirir.
Sizi 80 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıqda və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirəm!"