Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı əvvəlki qədər deyil - Hikmət Hacıyev

Azərbaycana qarşı qərəzli yanaşmalar xüsusilə ölkəmizdə qlobal miqyaslı tədbirlər keçirilən zaman həmişə olub.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dövrlərdə bu qərəzli yanaşmaların müəyyən qədər azaldığını müşahidə edirik:

"Çünki həm ölkə daxilində, həm də xaricdə sinxron fəaliyyət göstərən bu qrupların maddi resursları azalıb. Onlara qrant ayıranların sayı da əvvəlki qədər deyil.

Qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox yaxşı bilirik, baxmayaraq ki, bunu inkar etməyə çalışırlar. Kampaniyalar davam edir, amma onların miqyası əvvəlki qədər böyük deyil.
Bu kontekstdə ABŞ-nin əvvəlki administrasiyası dövründə fəaliyyət göstərən və yardım təşkilatı kimi təqdim olunan USAID kimi qurumları qeyd edə bilərik. Mahiyyət etibarilə fərqli fəaliyyətlərlə məşğul olan bu strukturların Azərbaycanda da müəyyən təşkilatlarla əlaqələri olub".

H.Hacıyev açıqlamasında bildirib ki, Avropa Parlamentində son beş ildə Azərbaycanla bağlı ondan artıq müxtəlif qətnamə qəbul edilib, lakin həmin qətnamələri qəbul edən şəxslərin özlərinin hansı problemlərlə üzləşdiyini görmək mümkündür.

"Belə hallar olub və olacaq, amma Azərbaycan bunlara xüsusi əhəmiyyət vermir.

Azərbaycan Respublikasının öz müstəqil siyasəti var. Bu gün ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən qazandığı hörmət və nüfuz göz önündədir. Azərbaycan artıq dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və bu kimi qlobal tədbirlər məhz burada keçirilir.

Bu auditoriyalara və burada aparılan müzakirələrin mahiyyətinə baxmaq kifayətdir ki, hər şey açıq şəkildə görünsün.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq səviyyədə öz liderlik mövqeyini qoruyur və bu liderlik daha da güclənir. Ölkəmizin əməkdaşlıq və tərəfdaşlıq coğrafiyası da getdikcə genişlənir",- deyə o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31