Azərbaycan azad edilmiş ərazilərdə 300 meqavatlıq "yaşıl enerji" potensialı yaradıb - Hikmət Hacıyev

2024-cü ildən etibarən Azərbaycanla-Ermənistan arasında müharibə və münaqişə başa çatıb. Cənubi Qafqaz artıq müharibə və münaqişə bölgəsi kimi tanınmır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən "Mənzil qlobal koalisiyaların mərkəzində" adlı panel müzakirəsində deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanla ötən il Vaşinqton sammitində başlanmış sülh prosesi regionda uzunmüddətli sülh və təhlükəsizlik üçün əlverişli geosiyasi şərait yaradıb:

"Lakin işğaldan azad edilmiş ərazilərə qayıtdıqda tamam fərqli mənzərə ilə qarşılaşdıq. Bu, təsəvvürəgəlməz bir dağıntı idi. Dünən prezidentimin də qeyd etdiyi Ağdam şəhəri vaxtilə 100 min insanın yaşadığı şəhər idi. Bu şəhər elə dağıdılıb ki, onu "Qafqazın Hiroşiması" adlandırırlar.

Hiroşima nüvə silahı ilə məhv edilmişdi. Ağdam isə daş-daş sökülərək məqsədli şəkildə dağıdılmışdı. Azərbaycanın doqquz şəhəri demək olar tamamilə məhv edilib".

Prezidentin köməkçisi vurğulayıb ki, hazırda bir milyon qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qaytarılması prosesi həyata keçirilir. Bu, Azərbaycan hökuməti qarşısında duran nəhəng missiyadır.

"İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı mina təmizləmə kampaniyası aparılır. Çünki təhlükəsizlik və təhlükəsiz yaşayış mənzil konsepsiyasının əsas hissəsidir. Azad edilmiş ərazilərdə beynəlxalq təcrübəni öyrənməyə çalışdıq. BMT və digər beynəlxalq qurumların postmünaqişə bölgələrindəki fəaliyyətini qiymətləndiririk. Lakin açıq desəm, biz həmin mexanizmlərin sürətindən tam razı qalmadıq. Çünki donor ölkələrdə müəyyən yorğunluq yaranmışdı. Amma Azərbaycan üçün əsas məsələ vaxt idi. Məcburi köçkünlər 30 il boyunca öz evlərinə qayıtmaq arzusu ilə yaşamışdılar.

Buna görə də biz öz postmünaqişə yenidənqurma modelimizi hazırladıq. Beynəlxalq təcrübəni nəzərə alsaq da, Azərbaycan üçün xüsusi model qurduq",-deyə o H.Hacıyev əlavə edib.

O vurğulayıb ki, Prezident İlham Əliyev şəxsən bütün prosesə strateji səviyyədə rəhbərlik edir, dövlət qurumlarına müvafiq tapşırıqlar verir: "İlk növbədə infrastruktur yaradılır, ərazilərə çıxış təmin olunur və paralel olaraq mina təmizləmə işləri aparılır.

Təəssüf ki, mina hadisələrinin qarşısını tam almaq mümkün olmur. 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 420-dən çox mina hadisəsi baş verib. Çünki insanlar ilk olaraq öz evlərinə və yaxınlarının məzarlarına qayıtmağa çalışırlar. Lakin həmin yolların çoxu minalanıb.

Biz həmin əraziləri təmizləyərək insanların təhlükəsiz şəkildə geri dönüşünü təmin etməyə çalışırıq. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan olunub. Bu ərazilər hidroenerji, günəş və digər bərpaolunan enerji mənbələri baxımından böyük potensiala malikdir".

H.Hacıyev bildirib ki, hazırda Azərbaycan qısa müddətdə azad edilmiş ərazilərdə 300 meqavatlıq bərpaolunan enerji potensialı yaradıb.

"Bu gün biz doqquz şəhəri sıfırdan yenidən qururuq",-deyə o əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31