WUF13 beynəlxalq birliyin Azərbaycana etimadının bariz ifadəsidir
13:10 Siyasət"Azərbaycan COP29-un ardından dünya birliyinə özünün mükəmməl təşkilatçılıq istedadı ilə daha bir qlobal tədbirə - BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməkdədir. Paytaxt Bakıda keçirilən bu mötəbər tədbir WUF tarixində rekordlarla, fəal təşəbbüslərlə müşayiət olunmaqdadır. Forumun 13-cü Sessiyasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, 182 ölkədən 45 mindən artıq iştirakçı rekord göstəricidir və bu, Azərbaycanda COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Tədbirin əhəmiyyətini artıran digər bir amil onun Azərbaycanda "Şəhərsalma və Memarlıq İli"nin qeyd edildiyi tarixi bir dövrə təsadüf etməsidir. "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Forum dünyada modern şəhərsalma fəaliyyətində beynəlxalq birliyin vahid niyyətinin, Azərbaycana etimadının bariz ifadəsidir. Eyni zamanda, zəngin memarlıq ənənələrinə, şəhər mədəniyyətinə, qədim tarixə malik Azərbaycanın şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyini nümayiş etdirir.
WUF13 ilk növbədə, Azərbaycanın qədim şəhər memarlığına malik mədəniyyət vizyonunu təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında bu məsələyə xüsusi olaraq toxundu və bu, təsadüfi deyil, çünki qədim dövlətçilik ənənəsinə malik Azərbaycan həm də şəhər sivilizasiyalarının mərkəzlərindən biridir. Avropa və Asiya arasında yerləşən, Şərq və Qərbin mədəniyyət körpüsü olan ölkəmizdə unikal memarlıq arxitekturası formalaşıb. Bakı, Naxçıvan, Qəbələ, Şəki, Gəncə və Şamaxı kimi şəhərlərimizdə memarlıq irsi şəhər mədəniyyətinin, infrastrukturunun elementlərini özündə əks elətdirir. Şəkinin Kiş kəndində yerləşən ən qədim kilsə və ya Lahıcda 15 əsr öncə qurulmuş su və kanalizasiya sistemi isə bunun bariz nümunəsidir.
Azərbaycan dayanıqlı inkişaf atributlarından olan şəhər landşaftına ümumi tərəqqinin ayrılmaz hissəsi kimi yanaşır və sürətlə dəyişən urbanizasiya proseslərinə uyğun tarixi irs üzərində müasir şəhərsalma ansamblı yaradır, ətraf mühit-şəhər vəhdətinin tələblərini və nizamını qoruyub saxlayır"